Topa deyil, tarixə vurulan zərbələr: Argentinanın ən mübahisəli Dünya Çempionatı

1978-ci ildə Argentinada keçirilən futbol üzrə dünya çempionatı təkcə ev sahibi ölkənin ilk dünya çempionluğu ilə deyil, həm də idman, siyasət və təbliğatın iç-içə keçdiyi ən mübahisəli turnirlərdən biri kimi tarixə düşüb.

Sherg.az xəbər verir ki, 1-25 iyun 1978-ci il tarixlərində keçirilən mundialda 16 milli komanda iştirak edib. Turnirin bombardiri Argentina yığmasının hücumçusu Mario Kempes olub. O, vurduğu 6 qolla komandasının tarixdə ilk dünya çempionluğunu qazanmasında həlledici rol oynayıb.

Lakin turnir daha çox Argentinadakı siyasi vəziyyətlə yadda qalıb. Həmin dövrdə ölkə general Jorge Rafael Videla rəhbərliyində hərbi xunta tərəfindən idarə olunurdu. Beynəlxalq insan haqları təşkilatları minlərlə müxalifin həbs edildiyini, işgəncələrə məruz qaldığını və itkin düşdüyünü bildirirdilər. Bir sıra tarixçilər 1978-ci il mundialının hərbi rejim tərəfindən beynəlxalq legitimlik qazanmaq məqsədilə istifadə edildiyini vurğulayırlar.

Turnirin ən çox müzakirə olunan qarşılaşması ikinci mərhələdə Argentina ilə Peru arasında baş tutub. Finala yüksəlmək üçün ən azı dörd top fərqi ilə qalib gəlməli olan Argentina gözlənilmədən Perunu 6:0 hesabı ilə məğlub edib. Həmin nəticə futbol ictimaiyyətində şübhələr yaradıb. Xüsusilə Peru qapıçısı Ramon Quiroganın Argentinada doğulması və oyunöncəsi siyasi təmaslar uzun illər mübahisə mövzusu olub. Bununla bağlı heç vaxt qəti sübut ortaya qoyulmasa da, görüş dünya çempionatları tarixinin ən şübhəli matçlarından biri hesab edilir.

Finalda Argentina Niderland milli futbol komandası ilə ilə qarşılaşıb. Oyundan əvvəl tərəflər arasında gərginlik yaranıb, hətta niderlandlı futbolçular müəyyən müddət meydanı tərk etməyi düşünüblər. Matçın sonlarında Niderland komandasının zərbəsi dirəyə dəyərək geri qayıdıb və komanda dünya çempionluğuna çox yaxın olsa da, məqsədinə çata bilməyib.

Əlavə vaxtda Mario Kempesin liderliyi ilə Argentina qələbə qazanaraq tarixində ilk dəfə dünya çempionu olub. Buna baxmayaraq, 1978-ci il Dünya Çempionatı bu gün də idman uğurundan çox siyasi fonu, mübahisəli qərarları və cavabsız qalan sualları ilə xatırlanır.