Qrenlandiya ABŞ-ın hərbi bazası kim - Tramp qəribə görüntü paylaşdı

ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı Amerika hərbi bazası kimi təsvir edən görüntü paylaşıb. Paylaşımda ada ABŞ Hərbi Hava Qüvvələrinin böyük hərbi obyektinə bənzədilib.

Sherg.az xəbər verir ki, görüntü Trampın “Truth Social” sosial şəbəkəsindəki hesabında yayımlanıb.

Paylaşılan şəkildə Şimal yarımkürəsinin bir hissəsinin üçölçülü modeli əks olunub. Qrenlandiyanın yerləşdiyi ərazidə uçuş-enmə zolağı, anqarlar, döyüş təyyarələri və hərbi baza infrastrukturu təsvir edilib. Görüntüdə ABŞ bayrağı da yer alıb.

Tramp paylaşımını “Qrenlandiyaya xoş gəlmisiniz” sözləri ilə müşayiət edib.

Qeyd edək ki, daha əvvəl Donald Tramp ABŞ-ın Arktikada nüfuzunu gücləndirmək üçün daha sərt addımlar atmasını istisna etmədiyini bildirmişdi. O, regionun ABŞ-ın milli təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıdığını vurğulamışdı. Bu açıqlamalardan sonra Qrenlandiya məsələsi yenidən ABŞ siyasətinin diqqət mərkəzinə düşüb.