Millət vəkili sosial şəbəkələrdəki müzakirələrə cavab verib
Parlamentdə deputatların sayının artırılması mövzusu yenidən gündəmə gəlib. Bu mövzu ictimaiyyət arasında da maraq doğurub. Məsələyə fərqli baxışlar mövcuddur: bəzi ekspertlər və ictimai-siyasi xadimlər deputat sayının artırılmasının zəruriliyini vurğulayır, digərləri isə mövcud strukturun kifayət qədər effektiv olduğunu qeyd edirlər. Zaman-zaman irəli sürülən təkliflərə baxmayaraq, hazırda Azərbaycan parlamentində 125 deputat fəaliyyət göstərir.
Millət vəkili Azər Allahverənov Sherg.az-a açıqlamasında deputatların sayının dəyişdirilməsi ilə bağlı məsələyə münasibətini bildirib: 
"Müxtəlif dövrlərdə parlamentdə təmsil olunan deputatların sayının artırılması ilə bağlı təkliflər irəli sürülüb. Bu məsələ ictimai müstəvidə, xüsusilə sosial mediada geniş müzakirə olunur.
İctimai-siyasi xadimlər, seçki prosesində təcrübəsi olan şəxslər, eləcə də müxtəlif sahələrdən olan mütəxəssislər bu mövzu ilə bağlı fərqli mövqelər ortaya qoyurlar. Demək olmaz ki, məsələ birmənalı şəkildə qəbul edilir. Əksinə, burada müxtəlif baxışlar mövcuddur və fərqli aspektlər ön plana çıxarılır.
Zaman-zaman deputatların sayının dəyişdirilməsi ilə bağlı təkliflər səslənsə də, son illərdə aparılan müzakirələr göstərir ki, böyük əksəriyyət bu dəyişiklikdə maraqlı deyil. Hesab edilir ki, mövcud 125 deputat seçicilərlə sıx təmasda işləmək imkanına malikdir. Bəziləri təmsilçilik yükünün ağır olduğunu, digərləri isə seçici sayının çoxluğunu qeyd edir. Lakin istənilən halda bu gün mövcud çağırışlara adekvat cavab verə bilən 125 deputat fəaliyyət göstərir".
Deputat hazırda Konstitusiyaya görə 125 deputatın fəaliyyət göstərdiyini deyib:
"Məsələyə retrospektiv yanaşsaq, görərik ki, 1995-ci il noyabrın 12-də keçirilmiş referendumla qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyasında deputatların sayı 125 olaraq təsbit edilib. Həmin dövrdə iki seçki sistemi mövcud idi: majoritar və proporsional. Majoritar sistemlə 100 deputat, proporsional sistemlə-siyasi partiyaların siyahıları üzrə isə 25 deputat seçilirdi.
Sonrakı illərdə proporsional sistem ləğv edildi. Nəticədə bütün 125 deputatın majoritar qaydada seçilməsi Konstitusiya dəyişiklikləri ilə rəsmiləşdirildi. Hazırda bu 125 deputat 10 milyondan artıq əhalini və seçki dairələri üzrə qeydiyyatda olan vətəndaşları təmsil edərək onların maraqlarını müdafiə etməyə çalışır.
Əgər bu mövzu gələcəkdə yenidən müzakirəyə çıxarılarsa, tərəflər öz arqumentlərini əsaslandırılmış şəkildə təqdim etməlidirlər. Şəxsi mövqeyim ondan ibarətdir ki, mövcud deputat sayı hazırkı dövrün tələblərinə uyğun olaraq fəaliyyət göstərmək üçün kifayətdir".
Parlamentari gələcəkdə bu məsələnin parlament daxilində geniş müzakirə oluna və ortaq mövqe formalaşa biləcəyini qeyd edib:
""Lakin deputatların sayının dəyişdirilməsi yalnız referendum yolu ilə-Konstitusiyanın müvafiq maddələrinə dəyişiklik edilməklə mümkündür. Bu isə ancaq ümumxalq səsverməsi ilə həyata keçirilə bilər".