"3+3" formatı yenidən aktuallaşıb  - Vasif Əfəndiyev

"Rusiyanın maraq dairəsində olan ərazilərdə dondurulmuş münaqişələrin yenidən aktivləşməsi və bu toqquşmaların daha böyük qarşıdurmalara səbəb olması ehtimalı yüksəkdir".
Bu barədə "Sherg.az"a açıqlamasında politoloq Vasif Əfəndiyev deyib. 
Siyasi şərhçi vurğulayıb ki, daha böyük müharibələr nüvə silahının tətbiqi ilə reallaşa bilər: 
"Ukrayna cəbhəsində, Qafqazda və Yaxın Şərqdə gedən silahlı toqquşmalarda hərbin ən müasir silahlarından istifadə edilir. Döyüşlərdə tərəflər müharibə qanunlarına zidd olaraq xüsusi qəddarlıq nümayiş etdirirlər. İsrail HƏMAS-ın silah təchizatını tam bloklaşdırmaq üzrədir. Bundan sonra quru əməliyyatı ilə Qəzza sektorunda təmizləmə əməliyyatı aparacaq. Nəticədə regionda sülhün yaranmasını əngəlləyən Hizbullah və HƏMAS təşkilatları silahsızlaşdırılaq siyasi arenadan çıxarılacaq. Cənub Qafqazda proseslər eyni ssenari üzrə gedir. Qafqaz dövlətlərinin sülh şəraitində yaşaması üçün Azərbaycan tərəfindən böyük addım atıldı. Münaqişə predmeti olan ərazi işğalı aradan qaldırıldı. Hazırda Ermənistan  hakimiyyəti  beynəlxalq müstəvilərdə sülhə hazır olduğunu desə də, daxildə Daşnaqsutyun Partiyası, xaricdə Fransa və Rusiyanın təzyiqi ilə üzləşib". 
Müsahibimiz hesab edir ki, Rusiya və Fransanın Ermənistanın daxilində böyük təsirinin olması səbəbindən Paşinyan birmənalı olaraq sülh sazişinin imzalanmasına gedə bilmir: 
"Bu səbəbdən Ermənistan KTMT-də üzvlüyünü saxlayır və Rusiyanın təklif etdiyi bəzi formullara da birmənalı "yox" deyə bilmir. Lakin buna baxmayaraq, Zəngəzur yolunun açılıması istiqamətində hər iki tərəfdən infrastrukturun qurulması davam edir. "3+3" formatı yenidən aktuallaşıb. Gürcüstan toropaqlarının işğalı faktoruna görə Rusiyaya etibar etmədiyini açıqlasa da, formatda qəbul olunacaq qərarlara əngəl törətməyəcək. "3+3" formatı hazırki vəziyyətdə sülhün ən optimal variant olduğunu sübut edir".