5 min yeni daimi iş yeri yaradılacaq - Böyük dəyişiklik gözlənilir - TƏHLİL

  • “2030-cu ildə dağ-mədən sənayesinin payı 1,8 milyard manata çatacaq” 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə çıxış edən Prezident İlham Əliyev proqramın hazırlanması üçün bir müddət bundan əvvəl - aprelin əvvəlində müvafiq Sərəncam imzaladığını və bu aylar ərzində proqram üzərində hazırlıq işləri getdiyini xatırladıb. 

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm də subyektiv səbəblərdən lazımi səviyyədə inkişaf etməyib. Onun sözlərinə görə, sovet dövründə aşkar edilmiş bir çox yataq işğal altında olan ərazilərdə yerləşib və işğal dövründə Azərbaycanın qızıl, mis və molibden yataqları talan edilib.

Dövlət başçısı qeyd edib ki, Dövlət Proqramı çərçivəsində Kəlbəcər, Ağdərə və Zəngilandakı yataqların istismara verilməsi, mövcud ehtiyatların müasir geoloji üsullarla yenidən qiymətləndirilməsi və yeni kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur. Naxçıvanda isə geoloji kəşfiyyat işlərinin gələn ildən başlanması planlaşdırılır.

İlham Əliyev bildirib ki, dağ-mədən sənayesində dövlətlə yanaşı, özəl və xarici investorların iştirakı da mümkündür. O, Filizçay yatağının əhəmiyyətini vurğulayaraq “AzerGold”un yatağın 100 faiz səhmdarı olmasının məqsədəuyğun olduğunu deyib. Həmçinin Daşkəsəndə dəmir filizi hasilatı və emalı, alüminium istehsalının isə 2030-cu ilədək 100 min tona çatdırılması nəzərdə tutulur.

Dövlət başçısı bildirib ki, proqramın icrası nəticəsində yeni sənaye istiqaməti formalaşacaq, regionlarda məşğulluq artacaq, ixrac imkanları genişlənəcək və gözlənilən illik müsbət maliyyə təsiri 1 milyard manatdan çox olacaq.

Prezident həmçinin Daşkəsən filiz yatağının istismarı, Qərb Sənaye Parkında zənginləşdirmə, pelet və briketlənmiş dəmir zavodlarının yaradılmasının planlaşdırıldığını açıqlayıb. Onun sözlərinə görə, filizin xammal kimi ixracı deyil, tam emal zəncirinin yaradılması əsas hədəflərdəndir.

Dövlət başçısı bildirib ki, proqramın icrası nəticəsində 5 mindən çox yeni iş yeri, güclü ixrac potensialı və illik 1 milyard manatdan çox müsbət maliyyə təsiri yarana bilər.

Sahib Alıyev Sherg.az-a bildirib ki, dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin yaxın perspektivdə ölkə iqtisadiyyatını nə gözlədiyi haqda iki mühüm açıqlaması diqqətini çəkib. Onlardan biri beş il müddətində reallaşdırılması nəzərdə tutulan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı ilə bağlıdır:

 “Təbii resurslardan daha səmərəli istifadəni və istehsal zəncirinin yaradılmasını nəzərdə tutan bu proqram, birincisi, qeyri-neft sektorunun ÜDM-də payının xeyli artmasına təkan verəcək. Yəni dağ-mədən sənayesinin ÜDM-də payı hazırda 700 milyon manatdırsa, 2030-cu ildə 1,8 milyard manata qədər yüksələcək. İllik ixrac potensialı isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılacaq. 

İkincisi və ən əsası, bu, beş min daimi yeni iş yeri ilə yanaşı işğaldan azad edilən torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyasına böyük təkan deməkdir. Çünki o beş min iş yerinin çoxu Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarının istismara verilməsi, orada yeni zavodların işə düşməsi nəticəsində yaranacaq. 

Amma Naxçıvanda və Balakəndə də yeni metal yataqlarının istifadəyə veriləcəyi gözlənilir. Mənim çox önəmli saydığım məsələlərdən biri də dövlətin neft yataqlarına yanaşmada yeritdiyi strategiyanın dağ-mədən sənayesində də əsas götürülməsidir. Bu, özünü Avropa qitəsində ən perspektivli yataqlardan biri sayılan Balakəndəki “Filizçay” polimetal yatağının bütün səhmlərinin ilkin mərhələdə tamamilə dövlət şirkəti “AzerGold”-a verilməsində göstərir”.

S. Alıyev hesab edir ki, cənab Prezidentin neft sektoru ilə bağlı söylədiklərindən isə belə qənaətə gəlmək olar ki, bu sahədə bizi yeni və nikbin inkişaflar gözləyir:

"”Bizim əsas neft yatağımız “Azəri-Çıraq-Günəşli” artıq 30 ilə yaxındır istismardadır və təbii ki, obyektiv səbəblərə görə hasilatın düşmə templəri də var. Çalışırıq ki, bu templəri sabitləşdirək. Eyni zamanda, əminəm ki, yeni layihələr bundan sonra da Azərbaycanda neft hasilatını lazımi səviyyədə saxlayacaq və ümid edirəm, hətta artım da olacaq". Neft hasilatında artımın da ola biləcəyi yəqin ki, çoxumuza sürpriz təsiri bağışladı. Xatırladım ki, dövlətimizin başçısı bəzən proqnoz verərkən indi olduğu kimi qəti ifadələr işlətməsə də, bir qayda olaraq o, necə təsvir edirsə, elə bir reallıqla da üzləşirik. Yəni bu açıqlama göstərir ki, Azərbaycan ən azından orta perspektivdə də önəmli neft istehsalçısı olaraq qalacaq”.