7 iyun öncəsi şok ssenari: Paşinyan sülh sənədini imzalaya bilərmi? - ŞƏRH

“Azərbaycanla Ermənistan arasında yeni münasibətlərin əsası qoyulur, proses tarixi mahiyyət daşıyır. Yaxın gələcəkdə iki ölkə arasında sülh müqaviləsinin imzalanması Cənubi Qafqazda post-münaqişə mərhələsinin əsas institusional sütunu hesab olunur”.

Sherg.az xəbər verir ki, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədov deyib.

Ekspert bildirib ki, hazırda region ətrafında və beynəlxalq proseslərdəki turbulentlik iki dövlət arasında mobil inkişaf əlaqələri üçün perspektivlər vəd edir:

“Rusiya-Ukrayna müharibəsi və İran ətrafında baş verənlər Paşinyan hakimiyyətinin manevr imkanlarını genişləndirir, daxildə qərarvermə prosesini asanlaşdırır. Bu kontekstdə Paşinyanın iyunun 7-də keçiriləcək parlament seçkilərindən əvvəl sülh müqaviləsinin imzalanmasını istisna etməməsi bir sıra sualları ortaya çıxarır.

Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad edilirr. Həmin sənəddə isə Qarabağla (Azərbaycana ərazi iddiası ilə) bağlı müddəalar var.

Bu vəziyyət aşağıdakı sualları yaradır:

Əgər Konstitusiya dolayısı ilə ərazi iddiasını saxlayırsa, sülh müqaviləsində qarşılıqlı ərazi bütövlüyünün tanınması necə şərh olunacaq?

Müqavilə Konstitusiyaya zidd hesab edilərsə, Ermənistan Konstitusiya Məhkəməsinin mövqeyi necə olacaq?

Ermənistanın gələcək hakimiyyətləri bu ziddiyyəti siyasi alətə çevirə bilərmi?

Beynəlxalq hüquqa görə, dövlətin daxili hüququ beynəlxalq öhdəliklərin icrasına mane ola bilməz. Beynəlxalq hüquqa dair Vyana Konvensiyasına (1969) görə, dövlət daxili hüququ beynəlxalq öhdəliklərin icrasından yayınmaq üçün əsas kimi göstərə bilməz (maddə 27). Amma praktiki siyasətdə konstitusion ziddiyyətlər müqavilənin icrasını yubada bilər.

Ümumiyyətlə, mövcud beynəlxalq və regional güc balansı Ermənistan daxilində hakimiyyət dəyişikliyindən asılı olmayaraq, sülh gündəliyini strateji baxımdan qaçılmaz edir. Amma bu qaçılmazlıq yalnız hərbi-siyasi reallıqla deyil, hüquqi-institusional mexanizmlərlə möhkəmləndirildiyi halda davamlı xarakter ala bilər”.

Zaur Məmmədov vurğulayıb ki, Azərbaycan xarici siyasəti nəzəriyyə ilə təcrübənin düzgün tətbiq edilməsi nəticəsində uğurla davam etdirir:

“Bundan qabaqkı bəzi təhlilllərdə neorealizm və Qafqazdakı proseslər haqqında qeydlər aparılmışdı. Daha yeni yanaşmalar da vəziyyətin Ermənistan üçün çıxılmaz olduğunu göstərir. Məsələ budur ki, dövlətlərin davranışı beynəlxalq sistemin anarxik quruluşu və güc bölgüsü ilə müəyyən olunur. Dövlətlər ideoloji meyllərdən daha çox təhlükəsizlik imperativlərinə uyğun hərəkət edirlər və ya etməlidirlər. Regional güc üstünlüyü əldə edən dövlətlər status-kvonu öz xeyrinə formalaşdırmaq imkanına malik olur.

Bu gün qlobal aktorlar yeni reallığı qəbul edirlər, bu reallıqda Ermənistanın təhlükəsizlik təminat mexanizmləri zəifləyib, Azərbaycan isə hərbi-strateji üstünlük qazanıb.

Ermənistanda istənilən hakimiyyət aşağıdakı reallıqlarla üzləşəcək:

Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınması;

Hərbi balansın dəyişməsi;

Regional iqtisadi layihələrdən kənarda qalma riski;

Təhlükəsizlik təminatlarının qeyri-müəyyənliyi.

Bu şərtlər daxilində maksimalist və ya revizionist kurs praktik siyasətdə davamlı ola bilməz. Dayanıqlı sülh yalnız hüquqi institusionallaşma və konstitusion uyğunluqla təmin oluna bilər.

Azərbaycanın strateji məqsədi hərbi-siyasi üstünlüyü normativ və hüquqi müstəviyə transfer etməkdir. Yalnız bu halda post-münaqişə mərhələsi davamlı regional transformasiyaya çevrilə bilər”.