İranın xarici işlər naziri Abbas Araqçi Tehranda keçirilən konfransda çıxış edərək İranın nüvə proqramı və uranın zənginləşdirilməsi hüququndan heç vaxt imtina etməyəcəklərini bəyan edib.
Sherg.az-ın xəbərinə görə, Araqçi bildirib ki, İran bu proqram üçün böyük bədəllər ödəyib və zənginləşdirmə ölkənin kənd təsərrüfatı, səhiyyə və gələcək nüvə enerji ehtiyacları baxımından zəruridir.
Araqçi vurğulayıb ki, nüvə zənginləşdirmə məsələsi İran üçün təkcə texniki deyil, müstəqillik və milli ləyaqət məsələsidir. “Heç kim sadəcə öz istədiyinə görə bizə nəyə sahib olub-olmayacağımızı diktə edə bilməz. Bu, bizim əsas prinsipimizdir”, - deyə nazir bildirib.
O qeyd edib ki, İran həm diplomatiyaya, həm də müharibəyə hazırdır, lakin müharibə istəmir. Araqçinin sözlərinə görə, bölgədəki hərbi təzyiqlər İranı qorxutmur və ölkə yalnız qarşılıqlı hörmət əsasında danışığa açıqdır.
Nazir həmçinin “12 günlük müharibə”yə toxunaraq İranın təslim olmadığını və bunun xalqın iradəsini göstərdiyini deyib. “Bizim atom bombamız böyük güclərə "yox" deyə bilmə gücümüzdür”, - deyə Araqçi əlavə edib.
Sonda o bildirib ki, İranın nüvə proqramı ilə bağlı bütün sualların yeganə həlli yolu diplomatiyadır, lakin bu, yalnız İranın hüquqlarına hörmət edildiyi halda mümkün ola bilər.