"ABŞ artıq dünyaya əvvəlki kimi hökm edə bilmir" - Amerikalı diplomat vəziyyəti AÇIQLADI

  • Vaşinqton Ukrayna məsələsini faktiki olaraq Avropanın üzərinə atıb
  • Çez Friman: ABŞ-nin Yaxın Şərqdəki hökmranlığı artıq keçmişə çevrilir
  • Rusofobiya Ukraynada sülhə mane olur

ABŞ-nin keçmiş müdafiə nazirinin köməkçisi və Səudiyyə Ərəbistanındakı sabiq səfiri, tanınmış diplomat Çez Friman Vaşinqtonun Ukrayna siyasəti, Rusiya ilə danışıqlar və Yaxın Şərqdəki proseslərlə bağlı maraqlı fikirlər səsləndirib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Frimanın sözlərinə görə, Alyaskada keçirilən ABŞ-Rusiya sammitindən sonra gündəmə gətirilən “Ankoric ruhu” əslində daha çox media tərəfindən yaradılmış anlayış olub.

Diplomat bildirib ki, ABŞ Prezidenti Donald Tramp danışıqlardan sonra əldə edilən müsbət atmosferi konkret addımlarla möhkəmləndirməyib:

“Ankoric ruhu" həmişə reallıqdan daha çox media konstruksiyası olub. Sonrakı addımları şəxsən Tramp atmalı idi, amma bunu etmədi”.

Friman qeyd edib ki, hazırda Vaşinqtonda xarici siyasətlə bağlı vahid qərarvermə mexanizmi yoxdur. Onun fikrincə, ABŞ-nin Rusiya, İsrail və İranla danışıqlarında peşəkar diplomatların iştirak etməməsi uzunmüddətli razılaşmaların əldə olunmasını çətinləşdirir.

ABŞ dövlət katibi Marko Rubio haqqında danışan Friman bildirib ki, Rubio daha çox Kuba diasporunun maraqlarını təmsil edir və gələcəkdə prezidentliyə namizəd olmaq niyyətindədir. Onun sözlərinə görə, Rubio Ukrayna və Yaxın Şərq kimi mürəkkəb məsələlərdə siyasi məsuliyyəti vitse-prezident Ceyms Devid Vens üzərinə qoymağa çalışır.

Keçmiş diplomat hesab edir ki, ABŞ faktiki olaraq Ukrayna məsələsini Avropanın öhdəsinə buraxıb. Lakin Avropanın nə sülh strategiyası, nə də gələcək təhlükəsizlik arxitekturası ilə bağlı aydın planı var.

Friman Avropa ölkələrinin Rusiyaya münasibətini də sərt tənqid edib:

“Avropalılar Rusiyaya qarşı yalnız patoloji rusofobiya adlandırıla biləcək münasibət nümayiş etdirirlər. Məhz bu yanaşma Ukraynada müharibənin dayandırılması istiqamətində diplomatik səylərə mane olur”.

Yaxın Şərqdəki vəziyyətə toxunan diplomat bildirib ki, ABŞ-nin bölgədəki dominant mövqeyi zəifləyir. Onun fikrincə, Səudiyyə Ərəbistanı, Pakistan, Türkiyə və Misir arasında formalaşan yeni əməkdaşlıq modeli Qərbi Asiyada fərqli təhlükəsizlik sisteminin qurulmasına yönəlib.

Frimanın qənaətinə görə, Vaşinqton hələ də əsas reallığı tam qəbul etməyib:

“ABŞ-ın Yaxın Şərqdəki hökmranlığı artıq keçmişə çevrilir və onu əvvəlki formada bərpa etmək mümkün olmayacaq”.