ABŞ-dən İsrailə daha bir zərbə! Təl-Əvivə qapılar bağlandı: Görə bilməzsiniz

İsrail, ABŞ və İran arasında imzalanması gözlənilən razılaşmanın mətnini əvvəlcədən görmək istəyib, lakin ABŞ bu tələbi rədd edib

ABŞ və İran arasında əldə olunduğu iddia edilən razılaşma Yaxın Şərqdə gərginliyi artırıb. Pakistan Baş naziri Şahbaz Şərif iki tərəfin razılığa gəldiyini açıqlayıb.

Sherg.az xəbər verir ki, məlumatlara görə, İsrail ABŞ və İran arasında imzalanması gözlənilən razılaşmanın mətnini əvvəlcədən görmək istəyib, lakin ABŞ bu tələbi rədd edib.

İsrailin "Kanal 12" televiziyasının xəbərinə əsasən, Tel-Əviv tərəfi cümə günü İsveçrədə imzalanacağı deyilən razılaşmanın detalları barədə hələ də tam məlumat əldə etməyib. Bildirilir ki, İran mediası sənədin bəzi maddələrini yaydığı halda, ABŞ İsrailin sənədi görmək istəyinə mənfi cavab verib.

Sızdırılan məlumatlara görə, 14 maddəlik razılaşma layihəsində İsrail ordusunun Livanın cənubundan çıxması, Hörmüz boğazının açılması, İrana qarşı sanksiyaların ləğvi və dondurulmuş İran aktivlərinin azad edilməsi kimi müddəaların yer aldığı iddia olunur.

İsrail Baş naziri Benyamin Netanyahu isə məsələ ilə bağlı açıqlamasında “razılaşmanın nə olacağını hələ bilmirik” deyib.

İsrail rəsmiləri ABŞ-İran anlaşmasını “şok edici” adlandıraraq bunun Tel-Əvivin gözləntilərinin əksinə olduğunu bildiriblər.

ABŞ Prezidenti Donald Tramp isə G7 zirvəsində çıxışı zamanı İsrail-ABŞ münasibətlərinə toxunaraq, ölkəsinin İsrailin təhlükəsizliyi üçün mühüm rol oynadığını vurğulayıb.

Tramp həmçinin İranla razılaşmanın tamamlandığını, Hörmüz boğazının açılacağını və sanksiyaların mərhələli şəkildə aradan qaldırılacağını bildirib.

Razılaşmanın 19 iyunda İsveçrədə imzalanacağı və bölgədə, xüsusilə Livanla bağlı yeni siyasi tənzimləmələri əhatə edəcəyi iddia olunur. İsrail isə Livanın cənubundakı mövqelərdən geri çəkilmək niyyətində olmadığını açıqlayıb.