ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY

  • “Ukraynaya siyasi-diplomatik təzyiq Rusiyanın hücumundan da ağırdır”

Rusiya ilə ABŞ arasında Ukrayna müharibəsinin dayandırılması ilə bağlı diplomatik təmaslar yenidən intensivləşib. Sentyabrın 5-də Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerlə - Kremldə 3 saatdan çox davam edən görüşü, ardınca isə amerikalı nümayəndələrin sentyabrın 6-da Kiyevdə Volodimir Zelenski ilə danışıqları prosesin yeni mərhələyə keçdiyini düşünməyə əsas verir. Amma əsas məsələ görüşlərin hansı nəticəyə gətirib çıxara biləcəyidir. Putin Donald Trampın Rusiya-Ukrayna münaqişəsinin həllinə yönəlmiş səylərini yüksək qiymətləndirib.  

Kiyevdə də danışıqlar müsbət ifadələrlə xarakterizə olunub. Zelenski görüşü məzmunlu qiymətləndirib, Uitkoff isə müzakirələri mühüm və ümidverici adlandırıb. ABŞ tərəfi növbəti addımların yaxın həftələrdə açıqlanacağını bildirib. Lakin Moskva görüşündə olduğu kimi, Kiyevdə də konkret sülh razılaşması əldə edilməyib.

Mövzunu şərh edən siyasi ekspert Vüqar Dadaşov Sherg.az-a açıqlamasında bildirib ki, ABŞ-ın vasitəçiliyi ilə Rusiya–Ukrayna müharibəsinin dayandırılması və tərəflər arasında atəşkəsin əldə olunması üçün təklif olunan sülh razılaşması mahiyyət etibarilə Ukraynanın kapitulyasiyasını rəsmiləşdirən sənəddir. Ekspertin fikrincə bu sənəd İkinci Dünya müharibəsində Almaniyanın məğlubiyyətini rəsmiləşdirən sənədlə müqayisə oluna biləcək şərtlər ehtiva edir:

“Ukraynadan Rusiyanın işğal etdiyi ərazilərə dair iddialarından geri çəkilməsi, gələcəkdə həmin əraziləri hərbi yolla geri qaytarmaq cəhdindən imtina etməsi, ordusuna məhdudiyyətlərin tətbiqi, hakimiyyət dəyişikliyinə gedilməsi və referendum keçirilməsi kimi tələblər irəli sürülürsə, bu, sadəcə atəşkəs deyil, məğlubiyyətin siyasi-hüquqi rəsmiləşdirilməsidir.

Donald Tramp administrasiyası tərəfindən Ukraynanın kapitulyasiyaya məcbur edilməsinə Ukrayna Trampın prezidentliyi dövründə müqavimət göstərərək belə bir məğlubiyyət sənədinə imza atmasa, qarşısında başqa perspektiv də qala bilər: ərazi bütövlüyünün bərpası, Rusiyanın hərbi-siyasi məğlubiyyəti və Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi əməllərə beynəlxalq hüquqi qiymətin verilməsi”.

V. Dadaşov qeyd edib ki, Ukraynanın qələbəsi onun 2 il təslim olmamasından keçir:

“Tramp dövründə prezident Zelenskiyə ABŞ-ın siyasi-diplomatik, psixoloji kapitulyasiya təzyiqlərinə qarşı dayanmaq, Rusiyanın hərbi təcavüzü, işğalına müqavimət göstərməkdən daha çətindir. Bu gün Ukrayna üçün qələbə ən azı 2 il müddətinə belə razılaşmalara getməməkdən keçir”.