Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Konstitusiya referendumu uğursuz olacağı təqdirdə hakim “Vətəndaş Müqaviləsi” Partiyasının istefa verə biləcəyini istisna etməyib.
Sherg.az xəbər verir ki, Mirzoyan bu barədə Milli Assambleyada hökumət saatı zamanı müxalifət nümayəndəsinin sualını cavablandırarkən danışıb.
Nazir müxalifətə siyasi təklif irəli sürərək hakimiyyətə gəlmək istəyən qüvvələrin bunun üçün referendumdan istifadə edə biləcəyini bildirib.
“Biz Konstitusiya layihəsini təqdim edəcəyik və səsverməyə çıxarılmasını təklif edəcəyik. Daha sonra referenduma gedəcəyik. Bu, sizin üçün yaxşı fürsətdir. Əgər xalq “yox” desə, istefa verəcəyik”, - deyə Mirzoyan bildirib.
Qeyd edək ki, oktyabrın 22-də Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının nəticələrini yaxşılaşdırmaq və yeni Konstitusiyanın qəbuluna nail olmaq məqsədilə növbədənkənar seçkilərin keçirilməsi ehtimalını istisna etməyib.
İyunun 7-də keçirilən parlament seçkilərində hakim partiya 49,81 faiz səs toplasa da, Konstitusiyaya dəyişiklik etmək və ya referendum təşəbbüsü irəli sürmək üçün tələb olunan üçdəiki parlament çoxluğunu əldə edə bilməyib.
Xatırladaq ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün bu ölkənin Konstitusiyasında dəyişiklik edilməsini şərt kimi irəli sürür.