ABŞ məhkəməsi Trampın tətbiq etdiyi viza rüsumunu qanunsuz hesab edib

ABŞ məhkəməsi Prezident Donald Tramp administrasiyasının H-1B iş vizaları üçün tətbiq etdiyi 100 min dollarlıq rüsumu ləğv edib.

Sherg.az xəbər verir ki, "CBS News"un məlumatına görə, hakim bu tələbi qanunsuz sayaraq icra hakimiyyətinin qanunverici orqanın səlahiyyətlərinə müdaxilə etdiyini bildirib.

Məlumata əsasən, rüsum xarici mütəxəssislərin işə qəbulunu məhdudlaşdırmaq məqsədi daşıyırdı. Lakin qərar biznes dairələri, təhsil müəssisələri və ABŞ-ın 20 ştatının rəhbərliyi tərəfindən tənqid olunmuşdu.

İddia ərizəsində vurğulanıb ki, ABŞ Konstitusiyasına görə vergi və məcburi ödənişlər yalnız Konqres tərəfindən müəyyən edilə bilər. Məhkəmə də icra hakimiyyətinin Konqresin razılığı olmadan belə bir ödəniş tətbiq etməklə səlahiyyət həddini aşdığı qənaətinə gəlib.

Qərara əsasən, H-1B iş vizaları üçün müraciət prosesi əvvəlki maliyyə şərtlərinə qaytarılacaq.

Qeyd edək ki, bu, Tramp administrasiyasının qərarlarının məhkəmə tərəfindən ləğv edildiyi ilk hal deyil. Daha əvvəl də məhkəmə administrasiyanın təhsil sahəsində genişmiqyaslı islahatlar aparmaq və minlərlə əməkdaşı işdən azad etmək planının qarşısını almışdı.