ABŞ mətbuatında yayılan xəbərə görə, ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Binyamin Netanyahu İran üzərində iqtisadi təzyiqin artırılması məsələsində razılığa gəliblər.
Sherg.az xəbər verir ki, ABŞ-nin “Axios” xəbər platformasının məlumatına görə, tərəflər xüsusilə İranın Çinə neft satışları üzərindən iqtisadi təzyiqin gücləndirilməsi istiqamətində ortaq mövqe müəyyənləşdiriblər.
"Axios"a danışan iki ABŞ rəsmisi bildirib ki, Tramp və Netanyahu fevralın 11-də Ağ Evdə keçirilən görüşdə İranın neft ixracının böyük hissəsinin -80 faizdən çoxunun Çinə yönəldiyini müzakirə ediblər. Onların fikrincə, əgər Çin İran neftinin alışını azaldarsa, bu, Tehrana qarşı iqtisadi təzyiqi ciddi şəkildə artıra bilər.
ABŞ rəsmiləri qeyd ediblər ki, İrana qarşı bu “maksimum təzyiq” kampaniyası nüvə danışıqları və diplomatik cəhdlər uğursuz olacağı təqdirdə, Yaxın Şərqdə davam edən hərbi yığınaqlarla paralel şəkildə aparıla bilər.
Rəsmilərin sözlərinə görə, Netanyahu və Tramp İranın nüvə silahı əldə etməməsinin əsas məqsəd olduğu məsələsində razılaşıblar. Lakin bu məqsədə necə nail olunacağı ilə bağlı yanaşmalarda fərqlər mövcuddur.
Bildirilir ki, Netanyahu Trampı İranla “yaxşı bir razılaşmanın mümkün olmadığına” inandırmağa çalışıb və imzalansa belə, Tehranın buna əməl etməyəcəyini deyib.
Tramp isə İranla razılaşma əldə etməyin mümkün ola biləcəyini düşündüyünü bildirib və Netanyahuya “Mümkün olub-olmadığını görək, bir cəhd edək” dediyi qeyd olunub.
Məlumata görə, Tramp bu çərçivədə Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və kürəkəni Jared Kuşnerdən İranla razılaşma ehtimalını soruşub. Onların isə bunun “çətin” olduğunu, lakin indiyədək iranlı tərəfin “doğru mesajlar verdiyini” bildirdikləri iddia olunur.