ABŞ Ordusu Hörmüz boğazını ələ keçirməyə hazırlaşır

İsrail Hörmüz boğazına nəzarətin ələ keçirilməsi ilə bağlı ehtimal edilən əməliyyat çərçivəsində ABŞ və Bəsrə körfəzi ölkələrinə kəşfiyyat dəstəyi göstərməyi planlaşdırır. Bu addım İranın ABŞ və İsrailin hücumları fonunda faktiki olaraq bu strateji keçidi bloklaması ilə bağlıdır.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin KAN telekanalı məlumat yayıb.

İsraildə hesab edirlər ki, ABŞ Hörmüz boğazını nəzarətə götürməyə hazırlaşır.

Bildirilir ki, dünyanın əsas ticarət yollarından biri sayılan bu boğazda İranın blokadasının aradan qaldırılması məqsədilə mümkün hərbi əməliyyata hazırlıq çərçivəsində ABŞ regionda hərbi mövcudluğunu gücləndirir. Xüsusilə “USS Tripoli” desant gəmisi və dəniz piyadalarının bölmələrinin yerləşdirilməsindən söhbət gedir.

Mənbələrə görə, İsrail də bu əməliyyata qoşulmağa hazırlaşır. İsrail rəsmisi kanala bildirib ki, əməliyyat bir neçə həftə davam edə bilər və ilkin mərhələdə Təl-Əviv yalnız ABŞ və Körfəz ölkələrinə kəşfiyyat məlumatı təqdim etməklə kifayətlənəcək.