ABŞ ordusu İrana zərbə üçün hazır vəziyyətdədir - ŞƏRH

Tramp səbrlə gözləyir, İran nüvə proqramını dayandırmasa hərbi əməliyyat qaçılmazdır

Fevralın 6-da Omanda keçirilən ABŞ-İran görüşləri tərəflərin ortaq məxrəcə gələ bilməməsi səbəbindən diplomatik gərginliyi artırdı. Bu görüş ABŞ-ın 12 günlük qarşıdurma zamanı İranın nüvə obyektlərini bombalamasından sonra iki ölkə arasında baş tutan ilk diplomatik təmas idi. İran Xarici İşlər naziri Abbas Əraqçi görüşdən sonra əvvəlki müharibə və danışıqlardan dərs çıxardıqlarını açılqadı. Hətta nazir, İranın dinc nüvə proqramını həyata keçirmək hüququna sahib olduğunu vurğuladı. ABŞ prezidenti isə cavab olaraq, nüvə proqramı üzrə razılaşma əldə olunmasa, İrana qarşı sərt tədbirlər görəcəyini bildirdi. Beləliklə, tərəflərin ziddiyyətli mövqeyi diplomatik gərginliyi canlı saxlayır.

Mövzu ilə əlaqədar millət vəkili Asim Mollazadə Sherg.az-a açıqlamasında bildirib ki, ABŞ ilə İran arasında aparılan danışıqlar kritik məqamda dayanıb:

“ABŞ və İran arasında baş tutan danışıqlar nəticə verməlidir. Vaşinqtonun şərtləri açıqdır. İran zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməli, nüvə proqramını tam dayandırmalı, ballistik raket potensialını minimuma endirməli və regiondakı proksi qüvvələrə dəstəyini kəsməlidir. Əgər İran üzərində olan öhdəlikləri yerinə yetirsə, hərbi əməliyyat ehtimalı ortadan qalxacaq. Əks təqdirdə, ABŞ və İran arasında müharibə qaçılmaz olacaq. ABŞ prezidenti Donald Tramp, səbrlə, danışıqların sonunu gözləyir”.  

A.Mollazadənin sözlərinə görə, ABŞ silahlı qüvvələri hal-hazırda Yaxın Şərq regionundadır:

“Ordu İrana zərbələr endirmək üçün hazır vəziyyətə gətirilib. Vaşinqton rəsmi Tehranın qəbul etdiyi qərarlara əsasən hərəkət edəcək. Tramp Nethanyahu ilə müzakirələr aparsa da, hal-hazırda proseslərin sonunu səbrlə gözləmək niyyətindədir. İran nüvə proqramlarını dayandırmalıdır. Beynəlxalq ictimaiyyət isə region üçün təhlükə yaradan nüvə proqramlarını ciddi şəkildə izləməli və bütün vasitələrdən istifadə edərək, onların qarşısını almalıdır. Proseslərlə əlaqədar Azərbaycan və Türkiyənin yanaşması isə eynidir. Hər iki ölkə ABŞ ilə İran arasındakı gərginliyin sülh yolu ilə həllinə üstünlük verir”.

Aybəniz Səfərova