ABŞ və Azərbaycan arasında tarixi razılaşma: Cənubi Qafqazda oyun qaydaları dəyişir - ŞƏRH

Azərbaycanla ABŞ arasında fevralın 10-da Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb.

"Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nı Azərbaycan tərəfindən Prezident İlham Əliyev, ABŞ tərəfindən isə vitse-prezident Cey Di Vens imzalayıblar.

Məlum olduğu kimi, ABŞ-də Donald Tramp ikinci dəfə hakimiyyətə gələndən sonra Vaşinqton- Bakı münasibətlərində xüsusi dinanika müşahidə olunur. Hər iki tərəfin maraqları münasibətlərin inkişafını tələb edir.

2025-ci avqustun səkkizində Ağ Evdə keçirilən görüşdən və imzalanan sənədlərdən sonra isə ikitərəfli əlaqələr tamamilə yeni səviyyədə qalxdı. Tramp hakimiyyəti öz sələfi Cozef Baydenin ölkəmizə qarşı qeyri-adekvat münasibətini təkrarlamadı. Əksinə, "buzların əriməsi", əlaqələrin inkişafı üçün addımlar atıldı. Əlbəttə, bu məsələdə dəyişən reallıqlar, o cümlədən Azərbaycanın qlobal siyasi oyunçuya çevrilməsi mühüm rol oynadı.

Dünən imzalanan Strateji Tərəfdaşlıq Xartiyası nəticəsində münasibətlər tamamilə yeni mərhələyə daxil oldu. Lakin təkcə ikitərəfli münasibətlərdə yeni dinamika yaranmadı, həm də Cənubi Qafqazda "oyun qaydaları" dəyişdi.

Dünyanın birinci dövləti ilə Cənubi Qafqazın aparıcı siyasi aktoru arasında imzanan sözügedən sənəd hər iki tərəfin strateji maraqlarına cavab verir. Beləliklə, rəsmi Bakı dəyişən qaydalar şəraitində "böyük şahmat taxtası"nda əlini gücləndirir, Vaşinqton isə bölgədəki təsir imkanlarını gücləndirir.

ABŞ faktiki olaraq Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağa davam edir. Vaşinqtonun Şərqi Avropakı vəziyyətlə bağlı mövqeyini nəzərə alsaq, Moskvanın proseslərə kəskin reaksiya verməməsi gözləniləndir. Əks halda ABŞ Şərqi Avropada Rusiyaya təzyiq göstərəcək.

Türkiyəyə gəldikdə isə qeyd etməliyik ki, qardaş dövlət prosesləri diqqətlə izləməyə davam edəcək. Rəsmi Bakının strateji müttəfiqi olan rəsmi Ankara NATO daxilində Vaşinqtonla müttəfiqdir. Bu, o deməkdir ki, Türkiyənin həm Azərbaycan, həm də ABŞ ilə üst-üstə düşən maraqları var. Beləliklə, çox ciddi üçbucaq yaranır.

Düşünmək olar ki, Azərbaycanla ABŞ arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyası həm də Türkiyənin maraqlarına cavab verir.

Kənan Novruzov