Ermənistan Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyinin nümayəndələri, ABŞ-nin İrəvandakı müvəqqəti işlər vəkili Devid Allen, Dövlət Departamentinin siyasətin planlaşdırılması üzrə baş müşaviri Con Askonas və AECOM mühəndislik şirkətinin nümayəndələri Gorus, Mehri və Qafanda “Tramp marşrutu” (TRIPP) proqramını müzakirə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə TRIPP proqramının rəsmi Feysbuk səhifəsində məlumat verilib.
“Sünik icmaları birbaşa Ermənistan və ABŞ rəsmilərindən TRIPP-in Ermənistanda icrasının gedişi barədə məlumat alıb, suallar ünvanlayıb, öz mövqelərini təqdim edib və regional kommunikasiyaların genişləndirilməsinin Ermənistan, xüsusilə də Sünik üçün necə yeni iqtisadi imkanlar yarada biləcəyini müzakirə ediblər. Bununla yanaşı, bu prosesin Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə dəstək olduğu vurğulanıb. Bu cür dialoq TRIPP-in Ermənistanda icrası ilə paralel olaraq icmaların məlumatlandırılmasını və prosesə cəlb olunmasını təmin etmək məqsədilə davamlı olacaq”, - paylaşımda qeyd olunub.