ABŞ və Ukrayna fondu faydalı qazıntılar üzrə ilk sazişini bağlayıb

ABŞ və Ukraynanın birgə investisiya fondu mühüm faydalı qazıntıların hasilatı sahəsində ilk sazişini bağlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) investisiya bölməsinin rəhbəri Konor Koulmana istinadən məlumat yayıb.

Məlumata görə, saziş ukraynalı milyarder Gennadi Butkeviçin təsis etdiyi “BGV Group” şirkəti ilə yaradılacaq “birgə investisiya platforması”na təxminən 30 milyon dollar sərmayə qoyulmasını nəzərdə tutur.

Koulmanın sözlərinə görə, yeni struktur Ukraynada uran, berillium və sirkonium da daxil olmaqla faydalı qazıntıların hasilatı layihələri ilə məşğul olacaq.

“Bunların hamısı mühüm minerallar siyahısına daxildir. Buna görə də bu, ABŞ administrasiyasının prioritetləri baxımından qarşıya qoyduğumuz məqsədlərlə yaxşı uzlaşır”, – Koulman bildirib.

“Reuters” qeyd edir ki, fond bundan əlavə daha dörd layihə həyata keçirir. Onların arasında Ukraynada elektrik və istilik təchizatı sistemlərinin gücləndirilməsinə yönəlmiş layihələr də var.

Sözügedən fondun yaradılması ABŞ və Ukrayna arasında 2025-ci il aprelin 30-da imzalanmış faydalı qazıntılar haqqında sazişdə nəzərdə tutulub.

Həmin vaxt bir sıra media qurumları və Ukrayna Ali Radasının deputatları sazişin şərtlərindən narazılıqlarını ifadə ediblər. Onlar sənədin Kiyevin iqtisadi suverenliyinin bir hissəsini itirməsi anlamına gəldiyini, həmçinin təhlükəsizlik zəmanətlərini ehtiva etmədiyini bildiriblər. Parlamentarilər əsas sazişin mətnində adı çəkilən iki əlavə sənədin Ali Radaya təqdim edilməməsinə də etiraz ediblər.

Buna baxmayaraq, 2025-ci il mayın 8-də Ukrayna Ali Radası ABŞ ilə sazişi ratifikasiya edib.

Razılaşma çərçivəsində ikitərəfli investisiya fondu yaradılıb. Sazişə əsasən, Kiyev yeni ərazilərdə faydalı qazıntıların hasilatı üçün yeni renta və lisenziyalardan əldə olunan bütün gəlirlərin 50 faizini bu fonda yönəltməlidir.

Sentyabrın 17-də ABŞ fonda 75 milyon dollar həcmində ilk ödənişini edib.