Afina hökuməti reallığı həzm etməyə başlayıb - Əhəd Məmmədli
Yunanıstan maraqları və mənafeyi üçün Türkiyə ilə yaxınlaşacaq
Misirdə səfərdə olan Yunanıstan xarici işlər naziri Corc Gerapetritis Afina-Ankara əlaqələri ilə bağlı mühüm açıqlamalar verib. Yunan nazir Türkiyənin Avropa Birliyinə üzvlüyünü dəstəklədiklərini deyib. Onun sözlərinə görə, Türkiyə ilə Yunanıstan yaxınlaşma və səmimi münasibət qurma prosesindədir: "Yunanıstan Avropaya gedən yolda Türkiyənin yanındadır". Nazir türkiyəli həmkarı Hakan Fidanla görüşünü xatırladıb:
“Cənab Fidanla müsbət və müntəzəm əlaqə saxlayırıq. Bizim əslində etmək istədiyimiz ticarət, iqtisadiyyat, mülki müdafiə, turizm, iki ölkənin ümumi inkişafı kimi ortaq maraqları olan müsbət gündəmi təşviq etmək və sonra əlaqələrimiz üzərində işləməkdir”. Gerapetritis bölgədə sülhün bərqərar olması üçün siyasi dialoqa ehtiyacın olduğunu vurğulayıb: “Xoş niyyətə əsaslanan yaxşı qonşuluq münasibətləri qurmalıyıq. Son aylarda Egeydə olan sakitliyə əsaslanaraq, siyasi dialoqumuzu daha da inkişaf etdirə biləcəyimizə nisbətən ümidliyik”. O, sentyabrda Yunanıstan Baş naziri Kiriakos Mitsotakis və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşəcəyini də açıqlayıb: “Sentyabrın ortalarında BMT Baş Assambleyasının sammiti çərçivəsində liderlərin iştirakı ilə nümayəndə heyətləri arasında görüş keçiriləcək, ilin sonuna doğru isə geniş tərkibli Yunanıstan-Türkiyə Ali Şurası yaradılacaq”.
AĞ Partiya sədrinin müavini, siyasi şərhçi Əhəd Məmmədli "Sherg.az"a açıqlamasında bildirib ki, Türkiyə-Yunanıstan münasibətlərinin normallaşması və daha səmimi müstəviyə keçməsi qardaş ölkənin siyasi-hərbi və iqtisadi cəhətdən güclənməsindən asılıdır. Analitik deyib ki, Türkiyə daha da güclənərsə, Ərdoğanın xarici siyasi kursu davam edərsə, Yunanıstan da mövcud reallığı anlayaraq, Ankara ilə normal əlaqələr quracaq: "Görünən odur ki, Afina hökuməti yavaş-yavaş reallığı dərk etməyə başlayıb. Yunanıstan bir müddət öncə Fransa kimi ölkələrin təhriki və dəstəyi ilə Aralıq dənizində Türkiyəyə qarşı alyans formalaşdırdı. Lakin qısa zamanda bunun nəticəsiz olduğunu, Türkiyənin kifayət qədər gücləndiyini gördülər. Yəqin Afinada da başa düşdülər ki, Paris yunanlara görə Türkiyə ilə savaşa girməyəcək. Bu fonda tərəflər arasında müəyyən yaxınlıq mümkündür. Ancaq bir daha deyirəm, ikili münasibətlərin normala dönməsi Türkiyənin güclənməsi ilə əlaqədardır. Yunanıstan balaca ölkədir və Afinaya da "çətir" lazımdır. Öz maraqları və mənafeyi üçün Türkiyə ilə yaxınlaşacaq. Bu "çətir" də Fransa, ABŞ, Rusiya yox, Türkiyə ola bilər".