Ağ Ev ABŞ-ın İrana qarşı hərbi əməliyyatının müddətini açıqlayıb

Ağ Ev bildirib ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatı təxminən 4–6 həftə davam edə bilər. Sherg.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Kerolayn Livitt 20 martda "Axios" portalına açıqlama verib.

Onun sözlərinə görə, prezident və Pentaqon əməliyyatın bu müddətdə tamamlanacağını hesablayır, artıq üçüncü həftə başa çatmaq üzrədir.

Livitt qeyd edib ki, Donald Trampın əməliyyatın tezliklə bitə biləcəyi ilə bağlı açıqlaması onun yaxın günlərdə başa çatacağı anlamına gəlmir. Eyni zamanda bəzi müşavirlər İranda quru əməliyyatının mümkünlüyünü istisna etmirlər.

Tramp daha əvvəl bildirib ki, ABŞ Yaxın Şərqdə, xüsusilə İrana qarşı hərbi fəaliyyətin azaldılması imkanını nəzərdən keçirir və qarşıya qoyulan hədəflərə yaxınlaşır.

ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr Tehran da daxil olmaqla böyük şəhərləri hədəf alıb. Ağ Ev bunu İranın raket və nüvə təhlükəsi ilə əsaslandırıb. ABŞ rəhbərliyi eyni zamanda İran xalqını hökumətə qarşı çıxmağa çağırıb. İran isə cavab olaraq İsrailə və ABŞ-ın regiondakı obyektlərinə zərbələr endirib.