Ali Baş Komandan tarix yazdı: İlk dəfədir bütöv Azərbaycanda yaşayırıq - TƏHLİL 

2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olundu. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni diz çökdürərək, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. 

Ali Baş Komandanımız Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Azərbaycandır! Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir. Qeyd edək ki, 2020-ci il 8 noyabrda üçtərəfli bəyanatdan sonra bəzilərində belə təsəvvür yaranmışdı ki, qələbəmiz tam deyil. ABŞ, Avropa İttifaqı, Fransa və s. ölkələr 30 illik işğal dövründə olduğu kimi, bu mərhələdə də vəziyyətin qeyri-müəyyən qalmasında maraqlı idilər. Bu məqsədlə ATƏT-in Minsk qrupunun reanimasiyasına cəhdlər göstərildi, yenidən uzun-uzadı danışıqlar prosesinə başlamağa cəhd edildi. Dəfələrlə Azərbaycanın öz ərazisi üzərində tam suverenliyini bərpa etməsinə imkan verməmək, 2020-ci ilin nəticələri ilə məhdudlaşmağa məcbur etmək cəhdləri oldu. Lakin fəaliyyəti boyunca “nəyi, nə zaman və necə” etməyin ən yaxşı nümunələrini göstərən Azərbaycan Prezidenti İlham Əliyev bu tarixi missiyanı öz məntiqi sonluğuna çatdırdı. Bu ilin sentyabrın 19-20-də, cəmi bir günlük lokal anti-terror tədbirləri ilə Azərbaycan öz suverenliyini tam bərpa etdi. Xankəndi və ətraf rayonlarda separatizm məhv edildi, qanunsuz silahlı dəstələr tərksilah olundu. İndi həmin ərazilərdə şanlı bayrağımız dalğalanmaqdadır. Müstəqillikdən sonra ilk dəfədir bütöv Azərbaycanda yaşayırıq. Şübhəsiz, bu, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. 


 
Zəfər Günü ilə bağlı "Sherg.az"a danışan millət vəkili Cavid Osmanov deyib ki, müharibədən öncə Ermənistan davamlı təxribat xarakterli əməlləri ilə danışıqlar prosesinə ciddi zərbə vurur, keçmiş təmas xətti, eyni zamanda dövlət sərhəddində hərbi təcavüzlər törədirdi. Deputat xatırladıb ki, Ermənistanın növbəti təxribat cəhdlərindən biri də məhz 2020-ci ilin 27 sentyabr tarixində baş verdi: 

"Artıq səbri tükənmiş Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən, genişmiqyaslı əks-hücum əməliyyatlarına başlamalı oldu. Hərbi əməliyyatlar cəmi 44 gün davam etdi və bu müddət ərzində rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə  əsl tarix yazdı, torpaqlarımız işğaldan azad edildi, parlaq Zəfər qazanıldı. 44 günlük Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının öz Ordusuna və Ali Baş Komandana yekdil dəstək verdiyinin şahidi oldu. Bu möhtəşəm həmrəylikdən güc alan Ordumuz düşmənə döyüş meydanında ağır dərs verdi. Azərbaycan Ordusunun gücü qarşısında diz çökən erməni silahlı birləşmələri 44 günlük hərbi əməliyyatlar dövründə dəfələrlə  müharibə cinayətlərinə əl ataraq döyüş zonasından 100 kilometrlərlə uzaqda yerləşən şəhər və rayonlarımızı qadağan olunmuş silahlarla - ballistik raketlərlə atəşə tutdu. Dinc əhaliyə qarşı qanlı terror törətdi, mülki infrasturktura ciddi ziyan vurdu. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqının döyüş əzmi azalmadı. Əksinə, düşmənə qarşı olan qəzəb hissi daha da artdı. Törədilən bütün qanlı cinayətlərin qisası düşməndən döyüş meydanında alındı". 

Parlamentari vurğulayıb ki, Ermənistanın kapitulyasiya aktı imzalamağa məcbur olması, bir güllə belə atmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarının azad edilməsi Prezidentin diplomatik müstəvidə əldə etdiyi möhtəşəm uğurun göstəriciləri idi:

 "44 günlük Vətən müharibəmiz həmçinin ilk anlardan informasiya cəbhəsində də uğurla aparıldı. İnformasiya müharibəmizə də rəhbərliyi məhz Prezident İlham Əliyev edirdi. Dövlət başçısının xarici mətbuata verdiyi 30-dan çox müsahibə, eyni zamanda xalqa edilən müraciətlər informasiya müharibəsində ölkəmizin üstünlüyünü təmin etdi. Xalqımız Ali Baş Komandanın müsahibə və müraciətlərini böyük maraqla izləyir, yüksək əhval-ruhiyyə ilə Ordumuza dəstək verirdi. Eyni zamanda Azərbaycanın haqq səsini dünyaya çatdırırdı. 30 il müddətində Ermənistana qarşı dünya ölkələri, beynəlxalq təşkilatlar tərəfindən heç bir təsir göstərilməmiş, əksinə bəzi ölkə və dairələr İrəvana havadarlıq etməyə çalışırdılar. Lakin Azərbaycan Prezidentinin həyata keçirdiyi qətiyyətli və xalqımızın milli maraqlarına xidmət edən düşünülmüş siyasəti bu istiqamətdə də öz sözünü dedi. 44 günlük Vətən müharibəsi ilə Azərbaycan erməni lobbisi, ermənipərəst dairələrə də ciddi zərbə vurdu, erməni faşizminin başını əzdi". C.Osmanov vurğulayıb ki, cari il sentyabrın 19-da Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirildi və Azərbaycan öz suverenliyini bərpa etdi: "15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Vətən müharibəsində qazanılan parlaq Zəfərlə Azərbaycan tarixində yeni mərhələ başladı. Bu mərhələ artıq azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə davam edir. İşğaldan azad olunmuş torpaqlarımıza yeni həyat qayıdır. İndi əsas missiya işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu müqəddəs yolda qalib xalqımızın öz dahi Sərkərdəsinin ətrafında birliyi əbədi və sarsılmazdır".