Ankara Suriyada sabitlikdən yanadır - RƏY

Türkiyənin 900 km-lik sərhədinin taleyi həll olunur

Suriya hökuməti ilə YPG arasında hərbi və inzibati orqanların tədricən inteqrasiyasını əhatə edən hərtərəfli sazişin bir hissəsi olaraq atəşkəs razılaşması əldə olunub. SANA agentliyinin yaydığı məlumata görə razılaşma qüvvələrin cəbhə xəttindən çıxarılmasını, Daxili İşlər Nazirliyinin təhlükəsizlik qüvvələrinin Hasekə və Qamışlıda yerləşdirilməsini və YPG bölmələrinin Suriya ordusunun strukturuna inteqrasiyasını nəzərdə tutur.

Politoloq Sədrəddin Soltan "Sherg.az"a açıqlamasında deyib ki, bu razılaşma, yəni Suriya hökuməti ilə YPG/SDQ arasında əldə olunan atəşkəs ötən ilin mart ayında imzalanmış ümumi inteqrasiya sazişinin davamı kimi qiymətləndirilə bilər:

"Həmin sənəddə SDQ-nin bütün silahlı qüvvələrinin mərhələli şəkildə Suriya ordusunun tərkibinə daxil edilməsi, təhlükəsizlik və inzibati strukturların mərkəzi hakimiyyətə tabe etdirilməsi nəzərdə tutulurdu. Hazırkı razılaşma isə bu prosesin praktiki mərhələyə keçdiyini göstərir.

Suriya rəhbərliyi Əhməd əş-Şara başçılığı ilə keçirilən görüşlərdə ölkənin ərazi bütövlüyü və suverenliyi məsələsini birmənalı şəkildə ortaya qoyub. Bu mövqe yalnız Dəməşq tərəfindən deyil, beynəlxalq aktorlar tərəfindən də dəstəklənir. Məsələn, Rusiya Prezidenti Vladimir Putin Suriyanın ərazi bütövlüyünün tərəfdarı olduğunu açıq şəkildə bəyan edib. Avropa ölkələri də eyni mövqedən çıxış edirlər. Bu kontekstdə əldə olunan anlaşma, yəni sülh prosesi daha çox Suriyanın parçalanmasının qarşısının alınmasına, ölkə daxilində müxtəlif etnik və silahlı qruplaşmaların mərkəzi hakimiyyətdən kənar hərəkət imkanlarının məhdudlaşdırılmasına yönəlib.

Qərarın Türkiyə üçün əhəmiyyəti isə xüsusilə böyükdür. Türkiyə ilə Suriyanın 900 kilometrdən artıq sərhədi var və sərhəd təhlükəsizliyinin təmin olunması, həmçinin regiondakı son proseslər fonunda Ankara Suriyada sabitlikdən yanadır".