Avropa İttifaqı (Aİ) üçün Ermənistan xalqının öz taleyini müəyyən etmək azadlığını qorumaq mühüm əhəmiyyət kəsb edir və rəsmi İrəvan bu məsələdə Brüsselin dəstəyinə arxalana bilər.
Teleqraf xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Antonio Koşta İrəvanda keçirilən Aİ-Ermənistan sammiti çərçivəsində Baş nazir Nikol Paşinyanla görüşündə bildirib.
A.Koşta mayın 4-də İrəvanda təşkil olunan "Avropa Siyasi Birliyi"nin VIII sammitini və bu gün baş tutan ilk Aİ-Ermənistan sammitini tarixi əhəmiyyətə malik hadisələr kimi dəyərləndirib:
"Bu, Avropa İttifaqının Ermənistanla münasibətləri necə qurmaq istədiyinin aydın siqnalıdır. Ölkə yeni sülh dövrünə qədəm qoyub və demokratik sistemini möhkəmləndirib, bu isə ikitərəfli əlaqələrin inkişafı üçün əlverişli mühit yaradır".
Aİ Şurasının rəhbəri 2025-ci ilin dekabrında imzalanan strateji gündəlikdən sonra tərəflər arasında əlaqələrin daha da gücləndiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, Aİ və Ermənistan təhlükəsizlik və müdafiə sahəsində sıx əməkdaşlıq edir, hibrid təhdidlərlə mübarizədə Avropa Sülh Fondu vasitəsilə birgə səylər göstərirlər:
"Biz bu yolda birlikdə addımlayacaq və ümumi taleyimizin yeni fazasına qədəm qoyacağıq. Ermənistan Avropanı Xəzər dənizi və Mərkəzi Asiya ilə birləşdirən regionlarımızda təməl rol oynayır".
A.Koşta sonda qeyd edib ki, ilk Aİ-Ermənistan sammitinin nəticələrinə əsaslanaraq, tərəflər sülhə yönəlmiş birgə investisiyalar və strateji tərəfdaşlıq yolu ilə hər iki tərəfin rifahı üçün əməkdaşlığı inkişaf etdirə bilərlər.