Aqil Abbas jurnalistlərin azadlığını arzuladı
Deputat Bəhruz Məhərrəmov isə bu fikrə qarşı çıxdı
Parlamentin dünənki iclasında çıxış edən millət vəkili Aqil Abbas Amnistiya aktının həbsdə olan jurnalistlərə də şamil olunmasını istəyib:
"Amnistiya ilə bağlı nə qədər insan sevinəcək. Bu, çox mühüm bir aktdır və insanların Yeni il qabağı sevincidir. Arzulayıram ki, bu, jurnalistlərə də şamil olunsun. Düzdür, günahları var, cinayətləri var, amma müəyyən cinayətləri bağışlamaq olar. Bir daha həbsdən çıxacaq dustaqları təbrik edirəm. Bir də ora qayıtmasınlar və cinayət törətməsinlər. Prezidentimizə isə eşq olsun, ona uzun ömür arzulayıram".
Deputat Bəhruz Məhərrəmov isə bu fikrə qarşı çıxaraq ölkəmizdə həbsdə olan jurnalistlərin olmadığını vurğulayıb:
"Bu gün bizim üçün həbsdə nə jurnalist var, nə siyasətçi, yalnız dövlət hakimiyyəti əleyhinə əməllərdə təqsirləndirilən, vətənin daşı yox könüllü sürətdə başqa dövlətlərin ayağının tozu olmağı seçmiş vətəndaşlar var. Quyruğu qapı arasında qalanda qanunun aliliyindən danışanlar isə unutmamalıdırlar ki, qalib müstəqil Azərbaycanda siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir".
Qeyd edək ki, Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb.