Araz Aslanlı: "Münasibətlər və tələblər hüquq müstəvisində olmalıdır"

Errmənistan "humanitar yardım" adı ilə gücləndirilir


  "1993-cü ilin fevral-mart ayları idi. Ermənistanın "aclıq çəkdiyi" və "soyqırımı təhlükəsi ilə üzləşdiyi" iddia olunurdu. Qərb mediasında bu barədə böyük kampaniyalar aparılırdı. Avropa İttifaqı Ermənistana "təcili buğda yardımı" göndərməyə çalışırdı". Bu sözləri Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib. Ekspert bildirib ki, sanki Ermənistanın Xocalını, Şuşanı, Laçını və digər Azərbaycan ərazilərini işğal altında saxlamasından, Azərbaycan ərazilərinə davam edən hücumlarından, bu hücumlar nəticəsində insanların gerçəkdən ölməsindən narahat deyildilər: "Heç kim maraqlanmırdı ki, necə olur ki, "aclıqdan yox olmaq təhlükəsi" yaşayan bir ölkə qonşu ölkənin ərazilərinə dayanmadan hücum edir, ərazilərini işğal edir, gerçək soyqırımı törədir?! Bütün bunları görməzdən gəlir və deyirdilər ki, buğda yardımı bir az da geciksə, Ermənistanda "aclıqdan soyqırımı" ola bilər. Beləcə, Ermənistana buğda dəstəyi artdı. Buğda, elektrik və s. dəstəkləri alan Ermənistan qısa müddət sonra Azərbaycanın Kəlbəcər rayonunu, ardınca da 5 rayonunu işğal etdi və 27 ilə yaxın müddətdə işğal altında saxladı".
  A.Aslanlı diqqətə çatdırıb ki, indi yenə "humanitar" adı altında Azərbaycana qarşı Ermənistanı dəstəkləmək üçün beynəlxalq hüquqa zidd kampaniyalar aparılmağa çalışılır: "Azərbaycan bildirir ki, öz ərazisində yaşayan hər kəsin, o cümlədən erməni əsilli insanların ehtiyaclarını təmin etməyə hazırdır. Amma qarşı tərəf israrla beynəlxalq hüquqa və Azərbaycanın suverenliyinə zidd mövqeyini reallaşdırmağa çalışır. Xankəndini Azərbaycanın suverenliyindən kənarda saxlamaqla bağlı addımlar nə beynəlxalq hüquqa, nə də milli maraqlarımıza uyğundur. Münasibətlər və tələblər hüquq müstəvisində olmalıdır. Ədaləti, daimi sülhü təmin etməyə istiqamətlənməlidir. Uzun illər qonşusunun ərazilərini işğal altında saxlayan bir dövlətin mövqeyini gücləndirməyə xidmət etməli deyil.
Azərbaycanın mövqeyi haqlıdır və bu mövqe mütləq şəkildə qorunmalıdır".