Atatürkün təşəbbüsü ilə bu günlərdə uşaqların dövlət rəhbərlərinin yerinə simvolik olaraq keçməsi ənənəsi formalaşıb
23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı Türkiyədə milli iradənin simvolu kimi bir əsrdən artıqdır qeyd olunur və hər il uşaqlara həsr edilir.
Sherg.az xəbər verir ki, bu əlamətdar gün Türkiyə Böyük Millət Məclisinin açılışından cəmi bir il sonra - 23 aprel 1921-ci ildə rəsmi bayram elan olunub. Mustafa Kemal Atatürk isə 1929-cu ildən etibarən bu günü uşaqlara hədiyyə edərək onu dünyada analoqu olmayan bir bayrama çevirib.

Qəbul edilən qanunla 23 aprel yeni dövlətin ilk bayramı kimi tarixə düşüb. İlk illərdən etibarən keçirilən tədbirlərdə uşaqlar ön planda olub, sonradan isə bu gün tam şəkildə “Uşaq Bayramı” kimi qeyd edilməyə başlanıb.
1935-ci ildə qəbul edilən qanunla 23 aprel “Milli Suverenlik Bayramı” adlandırılıb, 1983-cü ildə isə onun adı “Milli Suverenlik və Uşaq Bayramı” kimi rəsmiləşdirilib.
Atatürkün təşəbbüsü ilə bu günlərdə uşaqların dövlət rəhbərlərinin yerinə simvolik olaraq keçməsi ənənəsi formalaşıb və bu, illərdir davam edən maraqlı ənənəyə çevrilib.
1979-cu ildən etibarən bayram beynəlxalq səviyyə qazanıb - müxtəlif ölkələrdən uşaqlar Türkiyəyə gələrək bu sevinci paylaşır. Türkiyə uşaqlara bayram hədiyyə edən və bunu dünya ilə bölüşən ilk və yeganə ölkə kimi tarixə düşüb.
Beləliklə, 23 Aprel təkcə tarixi gün deyil, həm də gələcəyin sahiblərinə verilən ən böyük mesajdır: milli iradə və gələcək uşaqlara əmanətdir.