Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketini razılaşdırdı

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Rusiyaya qarşı 21-ci sanksiya paketinin qəbul olunduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, Ukraynanın hərbi irəliləyiş əldə etdiyi bir vaxtda tətbiq edilən sanksiyalar Rusiyanın hərbi səylərinin iqtisadi təməllərini zəiflətməyə davam edir:

"Yeni paket çərçivəsində daha 32 Rusiya bankı tranzaksiya qadağası siyahısına əlavə olunub, kriptovalyuta firmaları və neft ticarəti platformaları sanksiya siyahısına salınıb. Rusiya "hərbi maşın"ının bazar şoklarından faydalanmaması üçün neftin qiymətinin tənzimlənməsi bir il müddətinə dondurulub, ilk dəfə olaraq Rusiyanın "kölgə flotuna" yardım edən gəmilər hədəfə alınıb və Rusiya hərbçilərinin Aİ ərazisinə daxil edilməsinin rəsmi şəkildə qadağan edilməsi istiqamətində mühüm addım atılıb".

Sonda Ursula fon der Leyen sazişin əldə olunmasına şərait yaratdığına görə Aİ-nin sədrliyini həyata keçirən İrlandiyaya təşəkkürünü bildirib.