Avtobus sürücülüyündən Prezidentliyə: Nikolas Maduro kimdir?

2005-ci ildə başlayan ABŞ-Venesuela gərginliyi bu gün həyata keçirilən əməliyyatla, dövlət başçısı Nikolas Maduro və onun həyat yoldaşının ABŞ tərəfindən saxlanılması ilə yeni mərhələyə keçdi. Neftlə zəngin, lakin ağır iqtisadi böhran yaşayan Venesuela ABŞ üçün niyə bu qədər önəmlidir? ABŞ-Venesuela gərginliyi nə vaxt və niyə başladı? Avtobus sürücülüyündən dövlət başçılığına qədər uzanan həyat yolu olan Nikolas Maduro niyə kartel lideri olmaqda ittiham edilir?

Sherg.az xəbər verir ki, ABŞ və Venesuela arasında aylardır artan gərginlikdə mühüm hədd aşıldı: Venesuela dövlət başçısı Nikolas Maduro və həyat yoldaşı Amerika qüvvələri tərəfindən saxlanılaraq ölkədən çıxarıldı.

ABŞ 2005-ci ildən Venesuelaya qarşı sanksiyalar tətbiq etməyə başladı, 2017-dən sonra isə bu sanksiyalar daha da sərtləşdi. Tramp ilk prezidentlik dövründə, 2019-cu ildə Venesuelanın dövlət neft şirkəti “Petroleos de Venesuela”dan xam neft idxalını tam dayandırmışdı. Sonradan hakimiyyətə gələn Co Bayden 2022-ci ildə yanacaq qiymətlərini aşağı salmaq üçün ABŞ-ın neft nəhəngi “Chevron”a Venesuelada fəaliyyət icazəsi verdi.

Tramp ikinci dəfə prezident olduqdan sonra mart ayında bu icazəni ləğv etdi, daha sonra isə gəlirlərin Maduro hökumətinə getməməsi şərti ilə yenidən təsdiqlədi. Tramp həmçinin Venesueladan neft alan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq etdi.

VENESUELA NEFTİ ABŞ ÜÇÜN NİYƏ VACİBDİR?

ABŞ-da hasil olunan “yüngül xam neft” əsasən benzin istehsalında istifadə olunur. Venesuelanın “ağır xam nefti” isə dizel və asfalt istehsalı üçün yararlıdır, həmçinin zavodlar üçün yanacaq mənbəyidir. Venesuela neftinə sanksiyalar səbəbindən dünyada dizel təchizatı azalıb.

ABŞ uzun illər Venesuela neftindən asılı olub. 2025-ci ilin sentyabrına olan məlumata görə, ABŞ-ın Venesueladan gündəlik aldığı neft 102 min barel idi. Müqayisə üçün: Səudiyyə Ərəbistanından 254 min barel, Kanadadan isə 4,1 milyon barel neft alır. Venesuela nefti ABŞ üçün həm əlçatan, həm də ucuz idi.

GEOPOLİTİK ƏHƏMİYYƏT

Venesuela nefti Rusiyanın istehsal etdiyi neft növünə bənzəyir. Hindistan və Çin Rusiya neftindən böyük ölçüdə asılıdır. ABŞ mediasına görə, Venesuela neftinin bazara çıxarılması ilə Rusiyadan asılılığın azaldılması və Moskvanın Ukrayna müharibəsini maliyyələşdirdiyi neft gəlirlərindən məhrum edilməsi hədəflənir. Venesuela rəhbərliyi isə OPEC-ə məktub göndərərək Trampın əsas məqsədinin neft yataqlarını ələ keçirmək olduğunu bildirib.

ƏN BÖYÜK NEFT EHTİYATLARI, AMMA DƏRİN İQTİSADİ BÖHRAN

1999-cu ildə hakimiyyətə gələn Uqo Çavesdən əvvəl Venesuelanın gündəlik neft hasilatı 3,5 milyon bareli keçirdi. 2013-cü ildə Nikolas Maduro hakimiyyətə gəldikdən sonra bu göstərici gündə təxminən 1 milyon barelə düşdü.

AVTOBUS SÜRÜCÜLÜYÜNDƏN DÖVLƏT BAŞÇILIĞINA

Nikolas Maduro 1962-ci ildə solçu ailədə anadan olub. Atası həmkarlar ittifaqı lideri idi. Maduro liseydə şagird ittifaqına rəhbərlik edib, lakin liseyi bitirdiyinə dair rəsmi sənəd yoxdur. Dostlarının sözlərinə görə, uzlaşmacı xarakterə malik idi.

Led Zeppelin sevdiyi qruplardan biri idi, hətta rok qrupunda çalmaq istəyirdi. Lakin musiqiçi deyil, avtobus sürücüsü oldu. Qadağalara baxmayaraq, işlədiyi şirkətdə ilk qeyri-rəsmi işçi ittifaqlarından birini yaratdı.

1990-CI İLLƏRDƏ UQO ÇAVES HƏRƏKATINA QOŞULDU

1992-ci ildə uğursuz çevriliş cəhdindən sonra həbs olunan Çavesin azadlığa buraxılması üçün kampaniyalar apardı. 1998-ci ildə Çaves hakimiyyətə gələndən sonra siyasətdə fəallaşdı. 2006-cı ildə xarici işlər naziri, 2012-ci ildə isə vitse-prezident oldu.

MADURO VARİS ELAN EDİLDİ

Kuba müalicəsinə gedən Çavesi müşayiət edənlər arasında Maduro da var idi. Çavesin 5 mart 2013-cü ildə xərçəngdən vəfatından sonra Maduro müvəqqəti dövlət başçısı oldu və 2013-cü seçkilərində qalib gələrək prezidentliyə başladı.

2014-DƏ DƏRİN İQTİSADİ BÖHRAN

Neftdən asılılıq, yüksək cinayətkarlıq və zəif infrastruktur əsas problemlər idi. Hiperinflyasiya, ərzaq və dərman qıtlığı, milyonlarla insanın miqrasiyası gündəlik həyata çevrildi.

Maduro 2018-ci ildə seçkiləri yenidən qazandı, 2019-da müxalifət lideri Xuan Quaydo özünü müvəqqəti prezident elan etdi. ABŞ, Aİ və bir sıra Latın Amerikası ölkələri Quaydonu tanısa da, zamanla onun nüfuzu azaldı.

Tramp 2025-ci ildə Maduronu “terror təşkilatı lideri” elan etdi və onu “Cartel de los Soles” narkokartelinin başçısı olmaqda ittiham etdi. Karakas bu iddiaları “uydurma” adlandırdı.

SİYASİ SÖZÇÜSÜ OLAN HƏYAT YOLDAŞI

Maduro vitse-prezident olarkən həyat yoldaşı Silia Flores baş prokuror idi. Prezidentlikdən sonra o, siyasi müşavir rolunu üzərinə götürdü.

Cütlük 3 yanvar 2026-cı ildə ABŞ-ın keçirdiyi əməliyyatla ölkədən çıxarıldı.