Donald Trumpın yaxın zamanda imzalanacağını bildirdiyi ABŞ–İran razılaşmasına dair yeni detallar ortaya çıxıb.
Sherg.az xəbər verir ki, “Axios”a istinadən yayılan məlumata görə, razılaşma memorandum şəklində olacaq və əsas məqsəd Hörmüz boğazının dərhal və rüsumsuz şəkildə açılmasıdır. Eyni zamanda İranın şərtlərə əməl etməsi halında sanksiyalardan mərhələli şəkildə azad edilməsi nəzərdə tutulur.
Məlumata əsasən, sənəd İranın neft ixracına qismən güzəştlər, ABŞ-nin tətbiq etdiyi blokadanın yumşaldılması, dondurulmuş İran aktivlərinin mərhələli şəkildə azad edilməsi və 60 gün ərzində nüvə danışıqlarının davam etdirilməsi kimi maddələri əhatə edir.
Bildirilir ki, nüvə proqramı ilə bağlı texniki məsələlər ayrıca və daha geniş ikinci saziş çərçivəsində müzakirə olunacaq.
Diplomatik mənbələrə görə, tərəflər sənəd üzrə ümumi razılığa gəlib, lakin yekun siyasi təsdiq hələ verilməyib. İran tərəfi isə hələ ki, rəsmi imza qərarı açıqlamayıb.
Məlumatlara görə, imza mərasimi üçün hazırlıqlar Cenevrədə aparılır və yaxın günlərdə baş tuta bilər.