Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Azərbaycan, ABŞ və Ermənistanın "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsini həyata keçirmək üçün üçtərəfli texniki qrupları fəaliyyətə başlayıb.

Sherg.az xəbər verir ki, bu barədə üç ölkə hökumətlərinin 6 noyabrda dərc olunmuş birgə bəyanatında bildirilib.

İşçi qruplarının işə başlaması ilə bağlı görüşdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan iştirak ediblər.

Bəyanatda qeyd edilir ki, yeni format üç ölkənin hökumət nümayəndələrini, və texniki mütəxəssislərini regional nəqliyyat əlaqələrini inkişaf etdirmək, uzunmüddətli sabitliyi gücləndirmək və iqtisadi əməkdaşlığı genişləndirmək üçün birgə işləmək üçün bir araya gətirir.

Tərəflər nəqliyyat və elektrik enerjisinin ötürülməsi məsələlərini həll edəcək ilk iki üçtərəfli işçi qrupunun yaradılması barədə razılığa gəliblər.

Vurğulanır ki, bu qrupların işi mürəkkəb texniki məsələlərin həllinə və TRIPP-in tətbiqinin növbəti mərhələlərinə, o cümlədən onun digər regional infrastrukturla inteqrasiyasına keçməyə kömək edəcək.

İştirakçılar həmçinin layihənin bütün komponentlərinin qısa zamanda praktik olaraq işə salınmasına sadiq olduqlarını bir daha təsdiqləyiblər.

2025-ci ilin avqustunda ABŞ, Ermənistan və Azərbaycan liderləri deklarasiya imzalayıblar. Sənəddə bildirilirdi ki, Ermənistan TRIPP layihəsinin çərçivəsinin formalaşdırılması istiqamətində ABŞ və üçüncü tərəflərlə əməkdaşlıq edəcək. Layihə avtomobil, dəmir yolu və neft-qaz infrastrukturunun inşasını nəzərdə tutur. TRIPP Azərbaycanın əsas ərazisini Ermənistan ərazisindən keçən 42 kilometrlik yol vasitəsilə Naxçıvanla, daha sonra isə Türkiyə ilə birləşdirməlidir.