Bakı-Brüssel əməkdaşlığı düşündüyümüzdən daha genişdir
Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər son illərdə həm regional, həm də qlobal geosiyasi dəyişikliklərin təsiri ilə yeni mərhələyə qədəm qoyub. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat marşrutlarının şaxələndirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi kimi məsələlər tərəflər arasında dialoqun əsas istiqamətlərini müəyyən edir.
Bu kontekstdə Kaya Kallasın Azərbaycana səfəri yalnız mövcud əməkdaşlığın vəziyyətini əks etdirmir, eyni zamanda tərəflər arasında gələcək tərəfdaşlıq imkanlarının da konturlarını müəyyənləşdirir.
Politoloq Yusif Bağırzadə Sherg.az-a Avropa Birliyinin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının Vitse-Prezidenti Kaya Kallasın Azərbaycana səfərinin, Bakı ilə Brüssel arasında münasibətlərin hazırkı mərhələsini anlamaq baxımından diqqətəlayiq hadisə olduğunu deyib: 
"Bu səfər bir tərəfdən Avropa İttifaqının regiona artan marağını, digər tərəfdən isə Azərbaycanın dəyişən geosiyasi reallıqlar fonunda daha geniş tərəfdaşlıq imkanları qazandığını göstərir.
Əsas məqamlardan biri şübhəsiz ki, enerji əməkdaşlığıdır. Son illərdə xüsusilə Avropanın enerji təhlükəsizliyi məsələsi daha da aktuallaşıb. Bu kontekstdə Azərbaycan etibarlı tərəfdaş kimi ön plana çıxır. Xəzər regionundan Avropaya uzanan enerji marşrutları, xüsusilə qaz təchizatı sahəsində Azərbaycanın rolunu əhəmiyyətli dərəcədə artırıb. Bu baxımdan Kallasın “etibarlı enerji tərəfdaşı” vurğusu təsadüfi deyil. Bu, Avropa İttifaqının enerji siyasətində Azərbaycanın strateji yer tutduğunu təsdiqləyir. Bu əməkdaşlıq mövcud tədarüklə yanaşı, həm də gələcəkdə enerji diversifikasiyası və alternativ enerji layihələri baxımından genişlənmə potensialına malikdir".
Politoloq bildirib ki, Kallasın bəyanatında ticarət, nəqliyyat və rəqəmsal texnologiyalar kimi sahələrə xüsusi diqqət yetirilməsi münasibətlərin çoxşaxəli xarakter aldığını göstərir:
"Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin əsas iştirakçılarından biri kimi Avropa üçün logistika baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda rəqəmsal transformasiya və texnoloji əməkdaşlıq sahəsində də qarşılıqlı maraqların mövcud olduğu görünür. Bu isə münasibətlərin təkcə enerji ilə məhdudlaşmadığını, daha geniş iqtisadi inteqrasiya imkanlarının müzakirə olunduğunu göstərir.
Ümumilikdə, bu səfər Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin praqmatik və balanslı xarakter daşıdığını göstərir. Enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və regional sabitlik kimi sahələrdə ortaq maraqlar tərəfləri yaxınlaşdırır, siyasi və normativ məsələlər isə dialoq mövzusu olaraq qalır. Bu isə onu deməyə əsas verir ki, tərəflər arasında münasibətlər qarşılıqlı maraqlar üzərində qurulan, eyni zamanda müəyyən fikir ayrılıqlarını da ehtiva edən kompleks tərəfdaşlıq modelinə doğru inkişaf edir".