"Azərbaycan dünyanın ən multikultural ölkələrindən biridir"

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

"Ermənistanın Ümumdünya Kilsələr Şurasına yalan məlumatlar verməsi qəbuledilməzdir"

Azərbaycan müxtəlif millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərin müstəsna rolu olub. Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər. Fərqli dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və Milli Məclisdə təmsil olunurlar. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir. Bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir.

 Azərbaycana gələn mütəxəssislər dini tolerantlığı universal model kimi təqdim etməkdədirlər. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olub, vahid Vətənimizin azadlığı və firavanlığı uğrunda mübarizə aparıblar.
Son günlər müşahidə olunan odur ki, Ermənistan və erməni lobbisi Azərbaycana qarşı mübarizədə hər cür addıma əl atır, bütün istiqamətlərdə ölkəmizi hədəf alır. Ermənilərin ölkəmiz əleyhinə əsassız ittihamlarından biri də Qarabağda yaşayan ermənilərin dini inancları, ibadətləri ilə bağlıdır. İddia edilir ki, guya, ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsələr, Azərbaycanda sərbəst ibadətlərini icra edə bilməyəcək, təqib olunacaq və sıxışdırılacaqlar. Ermənistanın yalan təbliğatına uyan Ümumdünya Kilsələr Şurası da mütəmadi olaraq birtərəfli və qərəzli şəkildə ermənipərəst mövqedən çıxış edir. Kilsə sülhün təmin olunmasına töhfə verən və birgəyaşayışı təbliğ edən çağırışlarla çıxış etmək əvəzinə mövcud vəziyyəti dinlərarası müstəviyə çıxararaq “xristian təəssübkeşliyi"ni açıq-aşkar qabardır. Daxili məsələni "müsəlman-xristian qarşıdurması" müstəvisinə çəkməyə çalışanlar bilməlidir ki, Azərbaycanın müstəqilliyini müdafiə edən insanlar arasında müxtəlif dinlərin daşıyıcıları - ruslar, gürcülər, yəhudilər və digər xalqların nümayəndələri var. Ermənistanla müharibədə on minlərlə şəhid verməyimizə və bir milyon qaçqınımızın olmasına, dini abidələrimizin dağılmasına baxmayaraq, erməni kilsəsinin hələ də Azərbaycanın paytaxtı Bakının mərkəzində qalması xalqımızın tolerantlığına ən bariz nümunədir. Azərbaycanda xristianlığın tarixi Alban kilsəsindən başlayır və bütövlükdə bu dinin tarixində həmin kilsənin xüsusi yeri var. Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunub. Pravoslavlıq Azərbaycanda 19-cu əsrin əvvəllərindən etibarən rus çarizminin bölgədə yeritdiyi "köçürmə siyasəti" nəticəsində yayılmağa başlayıb. İlk yayılan protestant təriqəti lüteranlıqdır. Ölkənin xristian əhalisi əsasən Bakı, Sumqayıt, Gəncə şəhərlərinin, eləcə də Qax (gürcü pravoslavlar), İsmayıllı, Gədəbəy, Qobustan (molokanlar), Qəbələ və Oğuz (Nic qəsəbəsində və Oğuz şəhərində alban-udilər) rayonlarının əhalisidir. Katoliklər və lüteranlar daha çox Bakı şəhərində yaşayırlar. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda vuruşmuş, bu yolda canından keçmiş müxtəlif dini konfessiyalara mənsub vətəndaşlarımızın uyuduqları Şəhidlər Xiyabanı bu gün bizim təkcə and yerimiz yox, həm də qardaşlığımızın və tolerantlığımızın simvoludur. Dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını həm dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə, tarixi-dini abidələrin bərpasına, həm bu istiqamətdə təşkil etdiyi beynəlxalq konfranslara münasibətdə, həm də milli qanunvericiliyin mahiyyətində açıq-aydın görmək mümkündür. Lakin əfsuslar olsun ki, Ermənistan və onun havadarları bu reallıqları görmək istəmirlər. O səbəbdən Azərbaycandakı dini konfessiya rəhbərləri növbəti dəfə birgə bəyanat yayıblar. Bəyanatda deyilir ki, Ermənistanın “etnik təmizləmə siyasəti” barədə yaydığı məlumatlar yalan və böhtan xarakteri daşıyır. Məhz Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı işğal olunmuş ərazilərimizdə məscidlər, məbədlər, qəbiristanlıqlar, tarixi abidələr dağıdılıb talan edilib. Qafqaz Albaniyasına məxsus xristian kilsələri və Rus Pravoslav kilsələri qriqorianlaşdırılıb. Məscidlərdə islam dinində haram sayılan heyvanlar saxlanılaraq bütün islam dünyasına həqarət olunub. Erməni Apostol Kilsəsi erməni revanşizminin önündə gedir, qisas təbliğatı, beynəlxalq müstəvidə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır: "Birinci Qarabağ müharibəsi zamanı erməni qəsbkarları tərəfindən Azərbaycan əhalisinə qarşı törədilən soyqırımı cinayətlərinə, Xocalı qətliamına “narahatlıq” bildirməyən Kilsələr Şurasının indiki mövqeyi ikili standartlara və siyasətbazlığa söykənir. Azərbaycanın suveren ərazisi olan Naxçıvanın uzun müddətdir ki, Ermənistan tərəfindən blokadada saxlanılmasına etiraz etməyən Ümumdünya Kilsələr Şurasının indi belə canfəşanlıq etməsi beynəlxalq dini təşkilata yaraşmayan riyakarlıqdır. Biz bu kimi halları qətiyyətlə qınayır, Ermənistanı, xüsusilə də erməni Kilikiya və Eçmiədzin kilsələrini müharibə ritorikasından əl çəkməyə, millətlər arasında nifrət çağırışlarına və revanşizm ideyalarına dəstək verməməyə çağırırıq. Belə siyasət nəhayətində regionda vəziyyəti gərginləşdirəcək, özəlliklə erməni xalqına xeyir gətirməyəcək". Vurğulanıb ki, bütün peyğəmbərlər insanları haqqa, ədalətə, sülhə dəvət ediblər: "Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri bu Bəyanatımızla dünya ictimaiyyətini, xüsusilə Ümumdünya Kilsələr Şurasını bölgəmizdə sülhə və əmin-amanlığa maneə olan erməni təxribatçı təbliğatına uymamağa və həqiqətlərə söykənən məlumatlara diqqət yetirməyə çağırırıq. Unutmayaq ki, din xadimlərinin əsas vəzifəsi ilahi əmrlərə riayət etmək, bəşəri sülh naminə barışdırıcı mövqedə olmaqdır”.

Millət vəkili Cavid Osmanov "Sherg.az"a açıqlamasında bildirib ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən müharibəsində öz tarixinin ən parlaq qələbəsini qazandı və Ermənistanın işğalçılıq siyasətinə son qoyaraq torpaqlarımızı azadlığa qovuşdurdu. Deputatın sözlərinə görə, Azərbaycan qalib və güclü tərəf olaraq Ermənistanla münasibətlərin normallaşması üçün 5 maddəlik sülh prinsiplərini İrəvana təklif etdi: 
"Ermənistan tərəfi Azərbaycanla münasibətlərin normallaşmasını istəmədiyi üçün öz havadarları və erməni lobbisi ilə birlikdə ölkəmizə qarşı müxtəlif səpkili təxribatlardan istifadə etməkdədir. Bu təxribatlar siyasi-hərbi və informasiya sahəsi ilə yanaşı, göründüyü kimi artıq dini-mədəni zəminə də keçməkdədir. Əlbəttə, ermənilərin bütün iddiaları absurd və uydurmadır. Bütün dünya bilir ki, Azərbaycan dünyanın ən multikultural ölkələrindən biridir. Tolerantlıq mühiti Azərbaycanda çox inkişaf edib və dünyanın aparıcı dini liderləri də bunu dəfələrlə bəyan ediblər. Azərbaycan dövləti, həmçinin ölkənin Birinci-vitse prezidenti hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən hansı dinə mənsub olmasından asılı olmayaraq, bütün məbədlərin yüksək səviyyədə təmir-bərpa işləri aparılır. Ölkəmizdə keçirilən millətlərarası və dinlərarası forumların təşkili, nüfuzlu dini liderlərin ölkəmizə səfərləri, bütün etnik azlıqların bir ailə kimi yaşaması, dinindən asılı olmayaraq, hər kəsin öz ibadəti ilə sərbəst məşğul olması, Bakının mərkəzində erməni kilsəsinin təmir olunması və digər dinlərə aid məbədlərin qorunması dünya üçün nümunədir. Ermənistanın Ümumdünya Kilsələr Şurasına yalan məlumatlar verməsi və Şuranın məsələni araşdırmadan, yaxud qərəzli şəkildə erməni tərəfindən çıxış etməsi qəbuledilməzdir. ÜKŞ də bilməlidir ki, Ermənistan Azərbaycan torpaqlarını işğalda saxladığı 30 il müddətində soyqırımlar törədib, etnik təmizləmələr həyata keçirib. Şübhəsiz, ermənilərin istənilən təşəbbüsü iflasa uğrayacaq. Azərbaycan öz qətiyyətli addımlarını bundan sonra da atacaq. Heç bir qüvvə bizi haqq yolumuzdan çəkindirə bilməz".