Azərbaycan-Ermənistan sülhü olmadan Türkiyə sərhədi açılmayacaq - ŞƏRH

"Ən yaxşı halda texniki və məhdud xarakterli addımlar mümkün ola bilər"

Yaxın vaxtlarda Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı yaxşı xəbərlər ola bilər.

Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan mətbuat konfransında deyib: "Çox yaxşıdır ki, Türkiyə bizim ən azı iqtisadi baxımdan, ÜDM həcminə görə ən böyük qonşumuzdur. Bizim sərhədi açmaq imkanımız var”. 

Qeyd edək ki, son dövrlərdə Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı açıqlamalar tez- tez səsləndirilir. Qeyd olunur ki, sərhədin açılması həm iqtisadi, həm də regional əməkdaşlıq baxımından önəm daşıyır. Analitiklərimiz isə bildirirlər ki, Ermənistan konstitusiyasında Azərbaycanın tələblərinə uyğun dəyişikliklər edilmədən, sərhədin açılması məsələsi həllini tapmayacaq.

Vəhdət Partiyası sədrinin müavini, politoloq Vasif Əfəndiyev “Sherg.az”a bildirib ki, Ermənistan rəsmilərinin sərhədin açılması ilə bağlı tez-tez açıqlamalar verməsi real razılaşmadan çox siyasi taktika təsiri bağışlayır. Onun sözlərinə görə, bu bəyanatlar daha çox vaxt qazanmaq, manevr imkanlarını artırmaq və beynəlxalq ictimaiyyətə “konstruktiv tərəf” görüntüsü yaratmaq məqsədi daşıyır:

“Azərbaycan isə bu prosesi artıq açıq şəkildə oxuyur və buna uyğun davranır. Ermənistana yanacaq göndərilməsi humanitar jestdən çox, Bakının sülhü tezləşdirmək üçün verdiyi növbəti siyasi şansdır. Bu addım Ermənistan üçün vaxt udmaq imkanı deyil, vaxtın bitdiyinə dair açıq mesajdır. Aydın şəkildə bildirilməlidir ki, bu jest davamlı ola bilməz. Yalnız Ermənistan böyük sülhə tam hazır olduğunu sübut edib yekun sülh sazişini imzaladığı halda bu cür addımlar məntiq qazana bilər. Azərbaycan revanşizmə və heç bir halda imkan verməyəcək. Türkiyə isə bu məsələdə Azərbaycanla tam koordinasiyalı mövqe sərgiləyir. Ankara üçün Ermənistanla normallaşma prosesi Bakı ilə sülhün ayrılmaz tərkib hissəsidir. Azərbaycan–Ermənistan yekun sülh sazişi olmadan Ermənistan–Türkiyə sərhədinin tam açılması real görünmür. Ən yaxşı halda texniki və məhdud xarakterli addımlar mümkün ola bilər. Lakin siyasi və iqtisadi baxımdan tam açılış regional balansı poza bilər. Bu isə nə Türkiyənin, nə də Azərbaycanın maraqlarına uyğundur. Nəticə etibarilə, sərhədin açılması sülhün alternativi deyil, onun nəticəsi ola bilər”.