Azərbaycan nümayəndəsini əymək istədilər, özləri ifşa oldular - Azər Həsrət

  • “Bizim yox, sizin bizə ehtiyacınız var” 
  • “Şahin Mustafayev sizə yalnız barmaqlarının ucunu uzatdı”
  • “Bütün qapılar üzünüzə bağlanıb, Azərbaycan isə qapısını açdı”

İran Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayinin Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşü zamanı əl sıxma forması Azərbaycan ictimaiyyətində ciddi narazılığa səbəb olub. Görüntüdə Rzayinin Mustafayevin əlini barmaq uclarından tutaraq sıxması diplomatik etiket baxımından suallar doğurub və bu davranışın təsadüfi, yoxsa məqsədli olduğu barədə müxtəlif fikirlər səsləndirilib. Rzayinin bu hərəkəti müxtəlif ekspertlər tərəfindən məsafə saxlamaq, soyuqluğunu nümayiş etdirmək, yaxud özünü və təmsil etdiyi ölkəni qarşı tərəfdən üstün göstərmək cəhdi kimi şərh edilib.

Bəlkə də, bu davranışın bilərəkdən edilmədiyini düşünmək də olardı. Lakin belə yüksək səviyyəli görüşlərdə diplomatik etiketə xüsusi həssaslıq göstərilir. Digər tərəfdən, bu hərəkətin məhz Rzayi tərəfindən edilməsi onun Azərbaycana qarşı qəsdən nümayiş etdirilən münasibət olduğu ehtimalını ön plana çıxarır. SEPAH-ın keçmiş komandanı olan Rzayi İranda sərt xəttin tərəfdarı kimi tanınır və Azərbaycana münasibətdə keşikçilərin qeyri-adekvat mövqeyini bölüşür. Hər halda, bu hərəkətin nəticəsi sıfırdır və yalnız Azərbaycan cəmiyyətində İrana qarşı mövcud inamsızlığı daha da artırır.

Mövzunu Sherg.az-a şərh edən siyasi şərhçi Azər Həsrət bildirib ki, İran rəsmilərinin Azərbaycan nümayəndəsinə qarşı diplomatik etikaya uyğun olmayan davranışı münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlara ziddir və qarşılıqlı hörmət prinsipinə xələl gətirir:

“Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev İrana səfəri çərçivəsində Prezident Məsud Pezeşkianla görüşüb, daha sonra bir sıra görüşlər keçirilib. Həmin görüşlərdən biri də İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ilə olub. Hamı kimi mənim də ilk diqqətimi onların əl sıxması cəlb etdi.

Əlbəttə, biz bu görüntünün üzərindən keçə bilərdik. Lakin məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, İran tərəfi çəkilişi məqsədli şəkildə məhz bu rakursdan təşkil edib. İran Təhlükəsizlik Şurasının katibi Azərbaycan Baş nazirinin müavininə əlini uzadır, daha sonra isə əlini geri çəkərək onun aşağı əyilməsinə şərait yaradır. Lakin Şahin Mustafayev kifayət qədər təcrübəli, dik duruşlu və dövlətçilik ənənələrini bilən şəxs olduğundan nə özünü itirir, nə də əyilir. O, halını belə pozmadan barmaqlarının ucu ilə qarşı tərəfin əlini sıxır.

Görürsünüzmü? İran tərəfinin Azərbaycan nümayəndəsini aşağılamaya yönəlmiş bu hərəkəti, əslində, özləri üçün uğursuz görüntüyə çevrildi, çanaq öz başlarında çatladı. Azərbaycan nümayəndəsini əymək istəyərkən qarşı tərəf onun yalnız barmaqlarının ucunu sıxmaq məcburiyyətində qalır.

Yeri gəlmişkən, bir məsələni də qeyd etmək istəyirəm. İki gün əvvəl Prezident İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı barədə məlumatı oxudum. Eyni zamanda, Şahin Mustafayevin İrana səfəri haqqında xəbərlə də tanış oldum. Hətta həmin gün çıxış etdiyim efirdə dövlətimizin bu addımlarını müvafiq şəkildə dəyərləndirdim. Şəxsən mən efirdə İranla bağlı kifayət qədər loyal mövqe nümayiş etdirdim. Çünki bizim arzumuz Azərbaycanın həm İranla, həm də digər dövlətlərlə normal, qarşılıqlı hörmətə əsaslanan münasibətlərini qoruyub saxlamasıdır. Biz vətəndaş olaraq da bunun qayğısına qalırıq.

Bəs İran tərəfinin cavabı nə oldu? Aradan cəmi iki gün keçib. Bəlkə də bu, səhvən baş verib, təsadüf olub və sair. Lakin həmin görüşün məhz bu rakursdan çəkilərək ictimaiyyətə təqdim edilməsi artıq İran tərəfinin, xüsusilə də Milli Təhlükəsizlik Şurasının katibinin məkrli niyyətindən xəbər verir. Bu, diplomatik etikaya yaraşmayan bir haldır. Deməli, bunlar düzələn deyil, dövlət əxlaqı deyilən anlayışdan xəbərləri yoxdur.

Heç olmasa, Azərbaycan nümayəndəsinin davranışına diqqət yetirib, ondan dərs götürsünlər. Şahin Mustafayev dövlət əxlaqı və diplomatik təmkin nümayiş etdirdi. Özünü itirmədi, narahatlıq göstərmədi, əyilmədi. Niyə? Çünki təcrübəli dövlət adamıdır. Həm də hansı siyasi komandanın rəhbərliyi altında fəaliyyət göstərdiyini yaxşı bilir. Prezident İlham Əliyevin rəhbərlik etdiyi dövlətin nümayəndəsini bu cür simvolik oyunlarla təzyiq altında saxlamaq mümkün deyil”.

A. Həsrət qeyd edib ki, dövlət əxlaqı, diplomatik etiket və dövlətlərarası münasibətlərdə davranış qaydaları hər bir dövlət rəsmisinin bilməli olduğu prinsiplərdir. Onun sözlərinə görə, İranın bəzi rəsmilərinin davranışlarında isə bu prinsiplərə münasibətdə ciddi problemlər müşahidə olunur: “Ona görə də bu gün İran viran gününə qalıb. Ölkə ciddi iqtisadi və siyasi çətinliklərlə üzləşib. İqtisadiyyatında dərin problemlər var, aviasiya sektoru ciddi məhdudiyyətlərlə qarşılaşır, əhali sosial çətinliklər yaşayır, dini fanatizm isə cəmiyyətə və dövlət idarəçiliyinə təsir göstərməkdə davam edir. Ölkənin yüksək səviyyəli rəhbərliyinin və hərbi-siyasi elitasının nümayəndələri ABŞ və İsrailin hücumları nəticəsində həyatlarını itiriblər. Belə bir vəziyyətdə Azərbaycan qonşuluq münasibətlərini qorumaq, regionda sabitliyə töhfə vermək və İrana əl uzatmaq istəyir. Qarşılığında isə bu cür münasibətlə üzləşir. İndi düşünürlər ki, guya Azərbaycanı aşağılayıblar. Əslində, özlərinin hansı səviyyədə davrandıqlarını nümayiş etdiriblər. Ay bədbəxtlər, bizim yox, sizin bizə ehtiyacınız var. Sirr deyil ki, İran müxtəlif istiqamətlərdən ciddi təzyiqlərlə üzləşir, bir çox dövlətlə münasibətlərində problemlər yaşayır. Bütün qapıların İranın üzünə bağlandığı bir vaxtda Azərbaycan qonşuluq münasibətlərinin nümunəsi olaraq öz qapısını açmağa, dialoqa və əməkdaşlığa imkan yaratmağa çalışdı. Ancaq sizin hərəkətləriniz əxlaqsızlıq nümayişidir. Haqlı olaraq Azərbaycan cəmiyyəti də etiraz edir ki, bizim dövlətimiz niyə İran kimi rəzil bir dövlətlə münasibətlərin normallaşması üçün bu qədər səy göstərməlidir, qarşılığında isə belə münasibət görməlidir? Şəxsən mən bir vətəndaş olaraq dövlətimin İrana qarşı nəfəslik açmasını artıq istəmirəm. Həddinizi bilin, tərbiyəli davranın, dövlət əxlaqını və diplomatik etiketi öyrənin. Qonşularla münasibət qurmağın qaydalarını mənimsəyin”. 

A. Həsrət hesab edir ki, İran xalqını uçuruma sürükləyən molla rejimi yanlış siyasi qərarlar verir: “Əhalisinin yarısı bizim soydaşımız olan o insanlar dövlət məmurlarının, yanlış siyasi qərarların və uzun illər davam edən idarəçilik problemlərinin nəticələrindən əziyyət çəkirlər. Bununla da kifayətlənmirsiniz. Azərbaycan daxilində ictimai rəyi müəyyən istiqamətə yönəltməyə, dini məsələləri süni şəkildə qabartmağa, insanlar arasında qarşıdurma yaratmağa çalışırsınız. Başınıza gələnlərə görə başqalarını ittiham etməyin. Cəzanızdır, çəkin! Donald Trampın dili ilə desək, qarşıda yaxşı hadisələr olacaq. Azərbaycan münasibətlərin normallaşması üçün növbəti dəfə imkan yaradırdı, əl uzadırdı. Siz isə bu imkanı belə bir diplomatik davranışla itirdiniz. Kamera əvvəlcədən məhz həmin rakursda qurulur və əl sıxma anı xüsusi şəkildə lentə alınır. Məqsəd Azərbaycan nümayəndəsinin guya aşağı əyildiyini göstərməkdirsə, nəticə tamamilə əksinə olur. Şahin Mustafayev sizin uzatdığınız əli yalnız barmaqlarının ucu ilə sıxdı.

Bilirsiniz, bunun simvolik mənası nədir? Sizə yalnız bu qədərini rəva gördü. Bütün əlini uzatmadı. Halbuki siz həmin əli normal, ədəbli və diplomatik qaydada sıxa bilərdiniz. Azərbaycan da sizin uzatdığınız əli eyni qaydada sıxardı. Və bundan faydanı ilk növbədə İran xalqı görərdi. Amma siz bunu bacarmadınız. Azərbaycanın qonşuluq siyasəti zəiflik deyil. Dialoqa hazır olmaq, münasibətləri qorumağa çalışmaq və diplomatik təmkin nümayiş etdirmək dövlətçilik mədəniyyətinin göstəricisidir. Ancaq bu, qarşı tərəfin hər cür davranışına səssiz qalmaq demək də deyil. Ona görə də İran rəsmiləri anlamalıdırlar: Azərbaycanla münasibətlərdə hörmət qarşılıqlı olmalıdır. Dövlətlərarası münasibətlərdə əsas prinsip budur. Özünüzə hörmət istəyirsinizsə, ilk növbədə başqalarına hörmət etməyi bacarmalısınız”.