“Azərbaycan ordusu düşməni “kar” və “kor” qoyur”
Cəlil Xəlilov: “Erməni silahlılarının texniki vasitələrinin məhvi mühüm əhəmiyyətə malikdir”
Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələrinin texniki müşahidə vasitələri sıradan çıxarılıb. Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri bölmələrimizə qarşı terror-təxribat fəaliyyətlərini həyata keçirmək məqsədilə ərazilərimizdə texniki müşahidə və dinləmə vasitələri quraşdırıblar. Hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus 30-dək texniki müşahidə və dinləmə vasitəsi zərərsizləşdirilib. Bölmələrimiz tərəfindən bu istiqamətdə fəaliyyətlər davam etdirilir.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan Ordusunun qeyri-qanuni erməni silahlılarının 30-a qədər texniki vasitəsini sıradan çıxarması olduqca mühüm hadisədir.
Polkovnikin sözlərinə görə, bu vasitələr əsasən dinləmə və müşahidə vasitələridir ki, düşmən bununla ordumuzun mövqelərinə nəzarət etməyə, hər hansı hərəkəti qeydə almağa çalışır:
"Bu səbəbdən ordumuz qanunsuz erməni silahlılarının dinləmə və müşahidə vasitələrini məhv etməklə onların kəşfiyyat imkanını minimuma endirib. Başqa sözlə desək, ordumuz düşməni “kar” və “kor” qoyub. Azərbaycan Ordusunun bu uğuru Ermənistanın hərbi-siyasi eksertləri tərəfindən də etiraf edilməkdədir. Düşmən ekspertləri də bildirirlər ki, qanunsuz erməni silahlıları faktiki olaraq müasir dinləmə və müşahidə vasitələrindən məhrum edilib və Azərbaycan Ordusu haqqında kəşfiyyat əldə etmək imkanına malik deyil. Bu baxımdan ordumuzun düşmənin texniki vasitələrini sıradan çıxarmasını yüksək qiymətləndirilməlidir.
Məlum olduğu kimi, ordumuzun bu istiqamətdəki fəaliyyəti davam edir və bundan sonra da düşmənə məxsus müşahidə və dinləmə vasitələrinin məhv edilməsi prosesi davam edəcək. Bu, ordumuzun təhlükəsizliyinin təmin olunması, düşmən üzərində nəzarət və təsir imkanlarının artırılması baxımından olduqca vacibdir".
C.Xəlilov vurğulayıb ki, kəşfiyyat məlumatları, dəqiq informasiya istənilən döyüş və müharibənin taleyinə həlledici təsir göstərir. Müdafiə və hücum əməliyyatlarını daha düzgün və uğurla qurmağa kömək edir:
"Kəşfiyyat məlumatları imkan verir ki, düşmənin həm texnikası, həm də canlı qüvvəsi haqqında dolğun məlumat alasan, düşmən qüvvələrinin yerdəyişməsi, manevr imkanını düzgün qiymətləndirəsən. Azərbaycan Ordusu düşmənin texniki vasitələrini sıradan çıxarmaqla onu məzh bu imkandan məhrum qoyur. Azərbaycan Silahlı Qüvvələrinin arsenalında dünyanın ən müasir silahları mövcuddur. Bu silahlar yüksək təcrübəyə malik peşəkarların əlindədir. Yəni, həm ordumuzdakı silahlar, həm də hərbçilərimizin hazırlıq səviyyəsi imkan verir ki, Azərbaycanın təhlükəsizliyinə, suverenliyinə, ərazi bütövlüyünə təhdid sayılan istənilən təhlükə dərhal aradan qaldırılsın. Qanunsuz erməni silahlılarına məxsus onlarla texniki vasitənin məhv edilməsi faktı buna nümunədir. Hesab edirəm ki, həm separatçılar, həm də onlara himayədarlıq edən qüvvələr baş verənlərdən nəticə çıxarmalı, bu cür təxribatçı əməllərdən çəkinməlidir. Əks halda, Azərbaycan Ordusu daha sərt və ciddi tədbirlərə əl atacaq ki, bu da həm separatçılar, həm də ona havadarlıq edən qüvvələr üçün əsl fəlakət demək olacaq".