“Azərbaycan öz metal tələbatını özü təmin edə bilməlidir” - Professor

  • “Dağ-mədən sənayesi Azərbaycanın qeyri-neft sektoruna böyük təkan verəcək”
  • “Metallurgiya inkişaf etmədən maşınqayırmanın tam inkişafı mümkün deyil”

Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafı sənayeləşmə siyasətinin əsas istiqamətlərindən biri kimi diqqət çəkir. Ölkənin zəngin təbii ehtiyatları, mövcud yataqları və işğaldan azad olunmuş ərazilərdə yaranan yeni imkanlar bu sahələrin inkişafı üçün geniş potensial formalaşdırır.

2027-2030-cu illəri əhatə edən Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının qəbul edilməsi isə həmin istiqamətdə qarşıya qoyulan hədəflərin reallaşdırılması baxımından mühüm addım hesab olunur. Proqram çərçivəsində hasilat və emal sahələrinin inkişafı, yerli xammal bazasından səmərəli istifadə, qeyri-neft sektorunun gücləndirilməsi və ətraf mühitin qorunması məsələləri xüsusi əhəmiyyət daşıyır.

İqtisadi və siyasi coğrafiya üzrə alim, BDU-nun professoru Çingiz İsmayılov Sherg.az-a hər bir ölkənin iqtisadiyyatının təməlini sənaye sahəsinin təşkil etdiyini vurğulayıb: 

"Sənayenin də ən vacib sahəsi ağır sənayedir. Ağır sənaye isə ilk növbədə dağ-mədən və metallurgiya sənayesi sahələrindən formalaşır.

Çünki hər bir sənayenin sonrakı mərhələdə emaledici sahələrinin inkişafı üçün ağır sənaye mütləq lazımdır. Xammal da ağır sənayedə, dağ-mədən sənayesi sahəsində əldə olunan yeraltı təbii sərvətlər və faydalı qazıntılardır. Yəni faydalı qazıntıların emalı əsasında emaledici sahələr inkişaf edir. Bu da metallurgiyadır.

Metallurgiya üçün dəmir filizi, polimetallar lazımdır. Bu sahə çox enerji, həm də yanacaq tutumlu sahədir. Belə enerji tutumlu sahələrdə, xüsusən əlvan metalların emalında elektroenerjidən daha geniş istifadə olunur. Metallurgiya dağ-mədəndə əldə olunan filizlərin emalıdır. Alüminium, sink, mis çox enerji tutumlu sahədir. Əlvan metalların istehsalının hamısı çox enerji tutumlu sahələrdir.

Ona görə də dağ-mədən əsasında əldə olunan faydalı qazıntıların metallurgiyada emalı çoxlu enerji tələb edir. Enerji, elektroenerji, yaxud təbii qaz mütləq şərtdir. Çünki enerji təminatı olmadıqda dünya bazarında ən çox tələb olunan və yüksək dəyərə malik məhsullar- əlvan metalların istehsalı mümkün deyil".

Alim əlvan metalurgiya sahəsinə də diqqət çəkib:

"Ağır sənayedə əsas sahələrdən biri əlvan metallurgiyadır. Metallurgiya həm əlvan metalların istehsalını, həm də qara metallurgiyanı əhatə edir. Qara metallar dəmir filizindən alınır. Deməli, dəmir filizinin emalı əsasında qara metallar inkişaf etdirilir. Burada çuqun, polad, prokat alınır.

Əlvan metalların çeşidləri isə çoxdur. Volfram, qızıl, mis, alüminium ola bilər və s. Əlvan metallar çoxsaylıdır və onların dəyəri dünya bazarında kifayət qədər yüksəkdir. Bu da Azərbaycan üçün çox vacibdir.

Çünki bizdə dağ-mədən sənayesinə aid əsasən neft-qaz hasilatıdır. Yəni bunlar hasilat sənayesinin əsasını təşkil edir. Bundan başqa, təbii ki, tikinti materialları da, kimya xammalı da, duzlar da və s. əldə olunur. Ancaq metallurgiya üçün burada, təbii ki, dağ-mədən sənayesi vacibdir.

Azərbaycanda kifayət qədər yataqlar var. Prezident öz çıxışında dedi ki, bunların çox hissəsi işğal altında olan ərazilərdədir. Kiçik Qafqaz və Böyük Qafqaz regionunda var. Biz bilirik ki, məşhur Filizçay yatağı Şəki-Zaqatala zonasında yerləşir və polimetallarla zəngindir.

Ancaq Azərbaycan üçün vacibdir ki, metallurgiya inkişaf etdirilsin- həm qara metallurgiya, həm də əlvan metallurgiya. Kiçik Qafqazda hasilat zamanı əsasən əlvan metallara rast gəlinir. Daşkəsən Azərbaycanın əsas dəmir filizi hasilatı mərkəzidir".

Ekspert söyləyib ki, Azərbaycanda 2027-2030-cu illəri əhatə edən bu dördillik dövlət proqramının reallaşdırılması, təbii ki, dağ-mədən sənayesi və metallurgiya sənayesi sahələrinin inkişafında təkanverici rol oynayacaq:

"Lakin biz bilirik ki, dağ-mədən sənayesi ətraf mühitə də böyük təsir edir. Çünki bu hasilat sahələrində müxtəlif üsullardan istifadə olunur. Bu, şaxta üsulunda dərin qatlarda şaxtalar yaradılır, açıq üsulda isə böyük torpaq sahəsi istifadədən çıxarılır.

Şaxtada, yəni yerin altında yaradılan tunellərdə böyük həcmdə süxurlar, boş süxurlar və qismən metallar, az miqdarda olan metallı süxurlar çıxarılır. Hasil edilən yataqların ətrafında böyük terikonlar əmələ gəlir- dağlar, balaca süni dağlar, təpəliklər yaranır.

Bunu Daşkəsəndə və onun ətrafında yataqlarında müşahidə etmək olar. Bu da ətraf mühitə müəyyən mənfi təsir edir.

Prezidentin də öz çıxışında qeyd etdi ki, bizim üçün yeraltı təbii sərvətlərin dəyərləri ilə yanaşı, ətraf mühitin qorunması da çox vacibdir. Ona görə müasir, ən yeni texnologiyaların tətbiqi ilə dağ-mədən sənayesinin ətraf mühitə təsirini minimuma endirmək mümkündür.

Ancaq təbii ki, həmin hasilat ətraf mühitdə transformasiyaya səbəb olacaqdır. Yəni dəyişikliklər baş verəcəkdir. Əsas məqsəd odur ki, həmin dəyişiklikləri minimuma endirək. Sonra ətraf zonalarda ekoloji vəziyyətin qorunması üçün müvafiq tədbirlər planı həyata keçirək".

Mütəxəssis bildirib ki, Azərbaycanda dağ-mədən sənayesinin inkişafı və onun əsasında emaledici qara metallurgiya və əlvan metallurgiya sahələrinin inkişafı çox önəmlidir:

"Azərbaycanda metallurgiyadan sonrakı sahə- maşınqayırmadır.

Bizdə nə qədər Müdafiə Nazirliyində dronlar istehsal olunur. Hər bir sənayemiz var. Biz niyə xaricdən metalın idxal edilməsindən asılı olmalıyıq? Bunu özümüz təmin edə bilməliyik. Dəqiq maşınqayırma sahəmiz var. Orada əlvan metallar lazımdır.

Dəqiq maşınqayırmada mütləq əlvan metallardan istifadə olunur. Bu sahələrin inkişafı Azərbaycanda digər emaledici sahələrin inkişafına və maşınqayırmanın öz xammal bazası, yarımfabrikatlar əsasında inkişafında mühüm rol oynayacaq.

Bu, Azərbaycanın iqtisadi və eyni zamanda qeyri-neft sektorunun inkişafında, xüsusən sənayedə, sənayenin ağır sənaye sahəsinin inkişafında vacib rol oynayacaq".

Müsahibimiz xüsusilə qeyd edib ki, işğaldan torpaqlarımızın azad edilməsi və burada, elə Sovet dövründə istismar olunan yataqların yenidən bizim idarəetmə sistemimizə birləşməsi bizdə metallurgiya sahəsinin inkişafına yeni imkanlar yaradır:

"Buna görə işğaldan azad olunmuş rayonlarda, ərazilərdə, dağ-mədən sənayesinin inkişafı üçün yeni imkanlar yaranıb".