- Siyasətdə koordinasiya həm də bəzən tələb edir ki, eyni cəbhənin tərəfdaşlarının biri zalı tərk edəndə, o biri zalda qalsın
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasını öz səlahiyyətləri çərçivəsində araşdırıb. Bu barədə komissiyanın məlumatında bildirilir.
Qeyd olunur ki, monitorinqlər nəticəsində bəlli mərkəzlər tərəfindən başladılan bu kampaniyanın Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərini hədəf almaqla yanaşı, ictimai rəyi çaşdırmağa, vətəndaşlarımızda dövlətimizə və onun institutlarına qarşı inamsızlıq, habelə cəmiyyətdə qütbləşmə yaratmaq məqsədi daşıdığı görünür: "Kampaniya əlaqələndirilmiş formada, hədəfli reklamlar, real və saxta sosial media hesabları vasitəsilə aparılır. Təəssüf hissi ilə qeyd etməliyik ki, “bir millət, iki dövlət” prinsipinə daim sadiq qalan Azərbaycan və Türkiyə cəmiyyətlərində bir sıra saf niyyətli insanlar da bu məkrli kampaniyaya dəstək verirlər. Eyni zamanda, Türkiyə Respublikasının qanunvericiliyinə əsasən bu cür fəaliyyətlərin hüquqi məsuliyyət yaratmasına baxmayaraq, kampaniya hələ də davam edir. O da qeyd olunmalıdır ki, əlaqələndirilmiş informasiya kampaniyasının iştirakçıları ilə bağlı Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına məlumatlar təqdim ediləcək". Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya bu cür həssas dönəmdə vətəndaşlarımızı və Türkiyədəki qardaşlarımızı diqqətli olmağa, saxta informasiyalara inanmamağa çağırır.
İctimai xadim, yazıçı-publisist Arzu Əsəd Sherg.az-a açıqlamasında bildirdi ki, dünəndən BMT-dəki iclasda Azərbaycan nümayəndəsinin zalı tərk etməməsi ilə əlaqədar guya Türkiyə tərəfinin bizə münasibətdə incidiyini, “ehkam kəsdiyini” və sairəni bildirən və onlara cavab xarakterli status və rəylərin sosial şəbəkələri doldurması təəssüf doğurur: 
- Ən yaxşı ifadələri "bizə böyük qardaş lazım deyil", "Türkiyə niyə bizə darğalıq etməlidir?", "biz şahmatı onlardan yaxşı oynayırıq"... olmaqla qardaş Türkiyənin ünvanına hər cür hədyan yağdırılır. Müəyyən şəxslər tətikdədir. Əvvəl guya hansısa bir Türkiyə vətəndaşı, televiziyası, saytı nəsə deyir və "bizimkilər" də guya reaksiya verməyə məcbur olurlar. Halbuki, hamı bilir ki, Türkiyədə dövlətin və iqtidarın əleyhinə nə qədər qüvvələr var və hər bir kiçik anlaşılmazlıq kimi görünən mənzərədə o tərəfdən onlar, bu tərəfdən isə bizim türk düşmənlərimiz daşlaşmağa başlayırlar. Bu daşlar da elə atılır ki, heç birinin təpəsinə düşmür, millətin bostanına yağır. Sual olunur, ey təxribatçı türk düşmənləri, nə zaman Türkiyədən bir rəsmi dövlət nümayəndəsinin ağzından və yaxud iqtidarın mətbu orqanlarından BMT-də Azərbaycan nümayəndəsinin zalı tərk etməməsini qınayan bir açıqlama gəldi? Siz, doğrudanmı o qədər sadəlövh, primitiv təfəkkürlüsünüz, anlamırsınız ki, Azərbaycan və Türkiyə beynəlxalq siyasət səhnəsində eyni cəbhədən, qarşılıqlı razılaşma və koordinasiya əsasında hərəkət edirlər? Amma siyasətdə koordinasiya onu tələb etmir ki,"məsələn, bu dövlətlərin nümayəndələri həmişə hər ikisi də zalı tərk etsinlər. Siyasətdə koordinasiya həm də bəzən tələb edir ki, eyni cəbhənin tərəfdaşlarının biri zalı tərk edəndə, o biri zalda qalsın. Türklər iki min ildir ki tarixin siyasət səhnəsindədir. Hər millətin tarixində qabarma-çəkilmələr olduğu kimi, onların da tarixində tərəqqi və tənəzzül məqamları olub. Bu bir reallıqdır ki hazırda dirçəlişlərinin, inkişaflarının yüksək mərhələsində olan türklərə onların iki min illik siyasi təcrübəsindən doğan strateji ağılları onların giriş-çıxış istiqamətlərini çox dəqiq diktə edir. Türklər artıq qurulan oyunlara düşmür, lazım gəldikdə özləri oyun qururlar.