“Azərbaycanın zəngin təbii ehtiyatları iqtisadi dəyərə çevriləcək” - Tural Gəncəliyev

  • “Xammaldan son məhsula qədər tam istehsal zənciri Azərbaycanda qurulacaq”
  • “Qarabağ və Şərqi Zəngəzurun mineral ehtiyatları iqtisadi dövriyyəyə cəlb ediləcək”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə çıxış edən Prezident İlham Əliyev proqramın hazırlanması üçün bir müddət bundan əvvəl - aprelin əvvəlində müvafiq Sərəncam imzaladığını və bu aylar ərzində proqram üzərində hazırlıq işləri getdiyini xatırladıb. 

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm də subyektiv səbəblərdən lazımi səviyyədə inkişaf etməyib. Onun sözlərinə görə, sovet dövründə aşkar edilmiş bir çox yataq işğal altında olan ərazilərdə yerləşib və işğal dövründə Azərbaycanın qızıl, mis və molibden yataqları talan edilib.

Dövlət başçısı qeyd edib ki, Dövlət Proqramı çərçivəsində Kəlbəcər, Ağdərə və Zəngilandakı yataqların istismara verilməsi, mövcud ehtiyatların müasir geoloji üsullarla yenidən qiymətləndirilməsi və yeni kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur. Naxçıvanda isə geoloji kəşfiyyat işlərinin gələn ildən başlanması planlaşdırılır.

İlham Əliyev bildirib ki, dağ-mədən sənayesində dövlətlə yanaşı, özəl və xarici investorların iştirakı da mümkündür. O, Filizçay yatağının əhəmiyyətini vurğulayaraq “AzerGold”un yatağın 100 faiz səhmdarı olmasının məqsədəuyğun olduğunu deyib. Həmçinin Daşkəsəndə dəmir filizi hasilatı və emalı, alüminium istehsalının isə 2030-cu ilədək 100 min tona çatdırılması nəzərdə tutulur.

Dövlət başçısı bildirib ki, proqramın icrası nəticəsində yeni sənaye istiqaməti formalaşacaq, regionlarda məşğulluq artacaq, ixrac imkanları genişlənəcək və gözlənilən illik müsbət maliyyə təsiri 1 milyard manatdan çox olacaq.

Prezident həmçinin Daşkəsən filiz yatağının istismarı, Qərb Sənaye Parkında zənginləşdirmə, pelet və briketlənmiş dəmir zavodlarının yaradılmasının planlaşdırıldığını açıqlayıb. Onun sözlərinə görə, filizin xammal kimi ixracı deyil, tam emal zəncirinin yaradılması əsas hədəflərdəndir.

Dövlət başçısı bildirib ki, proqramın icrası nəticəsində 5 mindən çox yeni iş yeri, güclü ixrac potensialı və illik 1 milyard manatdan çox müsbət maliyyə təsiri yarana bilər.

Milli Məclisin deputatı Tural Gəncəliyev Sherg.az-a açıqlamasında Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədəki çıxışının Azərbaycanın iqtisadi inkişafının yeni istiqamətlərini müəyyən edən mühüm mesajlarla zəngin olduğunu deyib. Onun fikrincə, dağ-mədən və metallurgiya sənayesinin inkişafı yalnız yeni istehsal müəssisələrinin yaradılması deyil, Azərbaycanın zəngin təbii ehtiyatlarının müasir texnologiyalar əsasında iqtisadi dəyərə çevrilməsi deməkdir:

“Xammalın hasilatından emala və son məhsula qədər tam istehsal zəncirinin ölkə daxilində qurulması qeyri-neft sektorunun güclənməsinə, yeni iş yerlərinin yaradılmasına, ixrac imkanlarının genişlənməsinə və iqtisadi dayanıqlılığın artmasına xidmət edəcək. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun mineral ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi regionların sosial-iqtisadi inkişafına və Böyük Qayıdış prosesinə əlavə dinamizm verəcək. Bununla yanaşı, Naxçıvan və digər perspektivli ərazilərdə geoloji kəşfiyyat işlərinin genişləndirilməsi Azərbaycanın gələcək sənaye potensialının daha geniş miqyasda formalaşmasına imkan yaradacaq”.

Deputat hesab edir ki, bu prosesdə ekoloji təhlükəsizliyin xüsusi vurğulanması da mühüm əhəmiyyət daşıyır:

“Təbii sərvətlərdən istifadə iqtisadi inkişafla yanaşı, ətraf mühitin qorunması və yüksək ekoloji standartların təmin olunması prinsipləri əsasında həyata keçirilməlidir.

Bütövlükdə, qarşıdakı illər üçün nəzərdə tutulan bu siyasət Azərbaycanın təbii resurslarını sənaye gücünə, sənaye potensialını isə yeni iqtisadi imkanlara çevirmək məqsədi daşıyır. Bu isə qeyri-neft sektorunun inkişafı və Azərbaycanın daha şaxələndirilmiş, dayanıqlı iqtisadi modelə keçidi baxımından mühüm mərhələdir”.