“Tsaxkadzor şəhərində Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti, ekspert icmaları və media nümayəndələri arasında görüş keçirilib”.
Teleqraf xəbər verir ki, bu barədə tədbirdə iştirak edən erməni ekspert Areq Koçinyan məlumat verib.
Ekspertin sözlərinə görə, hər iki tərəfdən təxminən 20 nümayəndə iştirak edib: “Azərbaycan nümayəndə heyəti Ermənistan ərazisinə Voskepar kəndi yaxınlığındakı delimitasiya olunmuş sərhəd keçidindən, bütün rəsmi prosedurlardan keçərək daxil olub. Format əhəmiyyətli dərəcədə genişlənib. Əvvəl 5 nəfər iştirak edirdisə, indi hər tərəfdən 20 nümayəndə qatılır”.
Koçinyan qeyd edib ki, bu görüşlər birdəfəlik təşəbbüs deyil, davamlı formatdır: “Tərəflər paralel olaraq hər iki ölkədə vətəndaş cəmiyyəti, media, ekspertlər və regional icmalarla görüşlər keçirir, birgə layihələr planlaşdırır. Birgə məqalə və tədqiqatlar hazırlanır, digər ortaq layihələr də müzakirə olunur”.
Koçinyan bildirib ki, quru sərhədindən keçid ideyası məhz ekspert müzakirələri zamanı yaranıb və hər iki ölkədə müsbət qarşılanaraq həyata keçirilib. O, həmçinin ilk dəfə tədbirlərin iki ölkə hökumətlərinin birbaşa dəstəyi və dövlət maliyyələşməsi ilə keçirildiyini vurğulayıb.
“Məqsəd mövcud problemlərin həllinə ideyalar təklif etməklə yanaşı, sülh gündəmini dəstəkləyən layihə və müzakirələr üçün müsbət mühit formalaşdırmaqdır”, - Areq Koçinyan əlavə edib.
Xatırladaq ki, Ermənistan və Azərbaycan arasında Tavuş-Qazax hissəsində sərhədin delimitasiyasından sonra ilk dəfə olaraq, fevralın 13-də Azərbaycan vətəndaş cəmiyyətinin 19 nümayəndəsi quru yolu ilə Ermənistana səfər edib. Azərbaycan nümayəndələri iki gün Ermənistanda davam edən müzakirələrə qatılıblar.