Bakı İrandan tam zəmanət istəyir - ŞƏRH


Bundan sonra  Tehranda səfirliyimizin bərpası mümkündür

“Azərbaycanın İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması və səfirimizin Tehrana qayıtması gərginliyi nisbətən azalda bilər, ancaq bu azdır...”


Son zamanlar, Azərbaycanla İran arasında bir sıra təmaslar həyata keçirilib. Xarici işlər nazirləri arasında baş tutmuş danışıqlar zamanı ölkələrimiz arasında yaranmış məlum vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin 12 iyun tarixli şərhi barədə yerli medianın sualına cavabında deyib. Qurum rəsmisi bildirib ki, Azərbaycan terror hücumu ilə bağlı istintaqın başa çatdırılacağını gözləyir: "Terror aktını törədənlər və sifarişçilər məsuliyyətə cəlb olunmalı, ən sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan tərəfi əmin olmalıdır ki, səfirliyin təhlükəsiz fəaliyyəti üçün şərait mövcuddur və bununla bağlı tam zəmanət verilməlidir". Xatırladaq ki, 12 iyun tarixində İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani Azərbaycanla münasibətlərə toxunarkən bildirib ki, diplomatik tədbirlər nəticəsində gərginliyin nəzarət altına alınması ilə bağlı müsbət nəticə əldə edildiyinə inanır. Onun sözlərinə görə, hazırda gərginlik mərhələsindən yeni mərhələyə keçid və Azərbaycanın Tehrandakı səfirliyinin rəsmi fəaliyyətini bərpa etmək üçün danışıqlar mərhələsindədirlər. Kənani əlavə edib ki, yeni praktik addımlar atmaq üçün dialoqa və fikir mübadiləsinə ehtiyac var. 

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Sherg.az-a deyib ki, Tehran Azərbaycanın İrandakı səfirliyinin yenidən açılmasını istəyir. Bu məqsədlə İran və Azərbaycan xarici işlər nazirləri tez-tez telefonla danışırlar. Ekspertin sözlərinə görə, əfsuslar ki, qonşu ölkədə səfirliyin bağlı qalması Azərbaycanın da maraqlarına cavab vermir: "Tehran səfirliyimizin açılması üçün zəruri addımlar atmır. Birincisi, səfirliyimizə terror hücumunun araşdırılması ilə bağlı səhih məlumat yoxdur, cinayətkarın həbsdə olub-olmaması da bəlli deyil. İkincisi, Tehran səfirlik binamızın və diplomatlarımızın təhlükəsizliyinə təminat verməlidir. Çünki səfirliyimizə terror hücumu görüntülərindən aydın oldu ki, səfirlik binası ətrafındakı polislər hücumun qarşısını almaq üçün heç nə etməyiblər, ən pis halda isə özləri şərait yaradıblar. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib ki, Azərbaycan və İran xarici işlər nazirləri son telefon danışığı zamanı gərginliyi idarə etmək və mübahisələri həll etmək üçün iki ölkə arasında texniki nümayəndə heyətlərinin mübadiləsi və digər addımları razılaşdırblar. Tehran bununla demək istəyib ki, iki ölkə arasındakı gərginlikləri həll etmək mümkün deyilsə, heç olmasa onları idarə etmək lazımdır ki, vəziyyət indikindən də pis olmasın".

E.Şahinoğlu hesab edir ki, Azərbaycanın İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması və səfirimizin Tehrana qayıtması gərginliyi nisbətən azalda bilər. Ancaq bu azdır: 

"Tehran Azərbaycanın daxili işlərinə qarışmaqdan imtina etməlidir. Tehran bu siyasətindən imtina etməyə hazırdırmı? Buna dəlalət edən heç nə yoxdur, əksinə İranın daxili işlər naziri bugünlərdə Azərbaycan əleyhinə hədələyici açıqlamalar səsləndirib. Tehran Azərbaycanla münasibətlərdəki “gərginliyi idarə etməyə” həvəslidirsə, rəsmilərinə, deputatlarına, mollalarına Azərbaycan əleyhinə açıqlamalar verməkdən çəkindirməlidir. Bu olmadıqca nə gərginliyi ortadan qaldırmaq, nə də həmin gərginliyi “idarə etmək” mümkün olacaq".