Gəlinin 96, bəyin isə 18 yaşı var: “Həftəsonu qaydamız var”

Meksikada yaş fərqinə görə diqqət çəkən nikah qeydə alınıb. 96 yaşlı qadın 18 yaşlı gənclə ailə həyatı qurub. Cütlük arasındakı 78 yaş fərqi ölkədə qeydə alınan ən böyük göstəricilərdən biri olub.

Sherg.az xəbər verir ki, Britaniyanın “Express” nəşrinin məlumatına görə, nikah Meksikanın cənub-şərqində yerləşən Kintana-Roo ştatında baş tutub. Kankun kimi məşhur turizm mərkəzlərinin yerləşdiyi ştatda qeydə alınan bu evlilik ölkədə ən böyük yaş fərqi olan nikahlardan biri kimi göstərilib.

Nikahın təfərrüatları açıqlanmayıb

Sözügedən evlilik Meksika Milli Statistika və Coğrafiya İnstitutunun (INEGI) dərc etdiyi nikah statistikası hesabatında üzə çıxıb. Lakin məlumatlar rəsmi qeydiyyat sənədlərinə əsaslandığından gəlin və bəyin kimliyi, eləcə də nikahın digər təfərrüatları açıqlanmayıb.

2025-ci ildə Meksikada yaş fərqi ilə diqqət çəkən yeganə nikah bu olmayıb. Siyahının ikinci pilləsində Miçoakan ştatının Moreliya şəhərində qeydə alınan evlilik yer alıb. Bu nikahda da gəlinin 96, bəyin isə 19 yaşı olub. Cütlük arasındakı yaş fərqi 77 il təşkil edib.

Üçüncü sırada isə fərqli mənzərə müşahidə olunub. Tamaulipas ştatının Xikontenkatl şəhərində 90 yaşlı kişi 18 yaşlı qadınla ailə qurub. Onların arasında yaş fərqi 72 il olub.

Qeyd edək ki, bu statistika Meksikadakı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarından təqdim edilən rəsmi nikah məlumatları əsasında hazırlanır.