Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirildi - YENİLƏNDİ

Bu gün Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Teleqraf xəbər verir ki, tədbir Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə baş tutub.

Konfransda dövlət qurumlarının rəhbər şəxsləri, yerli və xarici ekspertlər, diplomatik korpusun nümayəndələri, həmçinin İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bombergerin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Çıxışlarda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində görülən işlər, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və Azərbaycanla ICMP arasında əməkdaşlığın inkişafı müzakirə olunub.

Konfrans çərçivəsində, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan axtarış, ekshumasiya və identifikasiya işlərinin nəticələri, eləcə də itkin düşmüş şəxslər məsələsinin sülh və humanitar gündəlikdə rolu ilə bağlı təqdimatlar edilib.