Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin mədəniyyətinin tanıdılması məqsədilə Şimali Kipr Mədəniyyət Günü keçirilib.
Teleqraf xəbər verir ki, tədbirin açılış mərasimində Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel və Şimali Kipr Türk Respublikası Baş nazirin müavini, Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit naziri Fikri Ataoğlu, Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün iştirak ediblər.
Tədbir Azərbaycan Respublikası və Şimali Kipr Türk Cümhuriyyətinin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb.
Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel açılış mərasimində çıxışı zamanı Bakıda olmaqdan məmnunluq duyduğunu bildirib.


"Azərbaycanın gözəl paytaxtı Bakıda İçərişəhərdə təşkil olunan Şimali Kipr Mədəniyyət Günü tədbirində sizinlə birlikdə olmaqdan böyük məmnunluq və qürur duyuram. Bu gün yalnız bir mədəniyyət tədbirinin açılışını etmirik, burada qardaşlığımızı daha da böyüdür, könül bağlarımızı daha da möhkəmləndiririk. Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü “Bir millət, iki dövlət” anlayışı bu gün Türk dünyasının ən güclü birlik ruhlarından birinə çevrilib. Biz də eyni inamla deyirik ki, Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti eyni millətin ayrılmaz parçalarıdır", - deyə Baş nazir qeyd edib.
Tədbirdə Şimali Kipr türk xalqının zəngin mədəni irsi, incəsənət nümunələri və milli mətbəxi nümayiş etdirilib.
Qonaqlar Şimali Kiprin adət-ənənələrini, mədəni dəyərlərini və kulinariya nümunələrini əks etdirən stendlərlə tanış olublar.
Mədəniyyət gününün keçirilməsində məqsəd Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, iki qardaş xalq arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi olub.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, "Şimali Kipr Mədəniyyət Günü" tədbiri saat 14:00-dan 21:00-dək İçərişəhər ərazisində davam edəcək.