İsrailin keçmiş Baş naziri Ehud Barak Baş nazir Benjamin Netanyahu ilə bağlı diqqətçəkən iddialar səsləndirib. O, Netanyahunun 2026-cı ilin oktyabrında keçirilməsi planlaşdırılan parlament seçkilərində məğlub olacağını anlayacağı təqdirdə bölgədə yeni hərbi eskalasiyaya əl ata biləcəyini bildirib.
Sherg.az-ın məlumatına görə, Barak İsrailin Kanal 12 televiziyasına açıqlamasında qeyd edib ki, Netanyahu seçkiöncəsi siyasi vəziyyəti dəyişmək məqsədilə hərbi əməliyyatlara başlamaq variantını nəzərdən keçirə bilər. Onun sözlərinə görə, İsrail ordusuna Livanın cənubundakı Nəbatiyyə şəhərindəki hədəflərə zərbə endirmək əmri verilə bilər. Belə bir hücumun ardından Hizbullahın pilotsuz uçuş aparatları ilə cavab verməsi, daha sonra isə İsrailin Beyrutun cənubundakı Dahiyə bölgəsinə zərbələr endirməsi ehtimalı var.
Keçmiş Baş nazir hesab edir ki, hadisələrin bu cür inkişafı qarşıdurmanı təkcə Hizbullahla məhdudlaşdırmayacaq və nəticədə münaqişə İranla genişmiqyaslı savaşa çevrilə bilər.
Barak bununla yanaşı, Netanyahunun seçki prosesini pozmağa yönəlmiş addımlar ata biləcəyini də iddia edib. O bildirib ki, hakimiyyətini itirmək təhlükəsi ilə üzləşən Netanyahu seçki prosesini pozmaq üçün təhlükəli addımlardan çəkinməyə bilər və hətta səsvermənin nəticələrinin hesablandığı mərkəzlərdə təxribat xarakterli hadisələr baş verə bilər.
Bu, Netanyahu hökumətinə qarşı ilk belə xəbərdarlıq deyil. İsrailin keçmiş müdafiə naziri və Avigdor Liberman rəhbərlik etdiyi partiyanın lideri də may ayında Netanyahunun seçki məqsədilə hərbi əməliyyatlara başlaya biləcəyi barədə xəbərdarlıq etmişdi.
Bundan əvvəl isə İsrailin nüfuzlu nəşrlərindən olan "Haaretz" qəzetinin hərbi analitiki Amos Harel hökumətin seçki hesabları fonunda Qəzzada yeni hərbi əməliyyatlar keçirmək niyyətində ola biləcəyini yazmışdı.
Barakın açıqlamaları İsrail siyasətində seçkiqabağı gərginliyin artdığını və ölkə daxilində hakimiyyət uğrunda mübarizənin daha da sərtləşdiyini göstərir.