Bayramovdan mesaj: Azərbaycan Yaxın Şərqdə qarşıdurmaya qarşı "balans oyunu" qurur - RƏY

Ekspert xəbərdarlıq edir ki, regional dövlətlərin hədəfə alınması parçalanmanı daha da dərinləşdirəcək

Yaxın Şərqdə artan gərginlik fonunda regional təhlükəsizlik məsələləri daha da aktuallaşıb.

Regionda təhlükəsizlik və sabitliyin dəstəklənməsi yollarının müzakirəsi və əlaqələndirilməsi məqsədilə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində ərəb və İslam ölkələrinin xarici işlər nazirləri arasında məsləhətləşmə xarakterli görüş keçirilib. 

Görüşdə Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov da iştirak edib. Müzakirələrdə qeyd ediib ki, eskalasiyanın nəticələri ayrı-ayrı ölkələrlə məhdudlaşmır, daha geniş regional və qlobal risklər yaradır, mülki şəxslərin həyatını və infrastrukturu təhlükə altına qoyur.

Ceyhun Bayramova iştirakçılara martın 5-də İran ərazisindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatları ilə hücumlar barədə məlumat verib. Hücum nəticəsində 4 mülki şəxs xəsarət alıb, Naxçıvan Beynəlxalq Hava Limanı da daxil olmaqla kritik infrastruktura ciddi ziyan dəyib. Bildirilib ki, Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini qorumaq əzmini bütün legitim vasitələrlə nümayiş etdirərək operativ və qətiyyətli şəkildə cavab verib.

Nazir həmçinin qeyd edib ki, münaqişənin coğrafiyasının genişlənməsi təhlükəlidir və dərhal dayandırılmalıdır. Regional dövlətlərin hədəfə alınmasının davam etməsinin parçalanmanı dərinləşdirdiyi və uzunmüddətli sabitliyi sarsıtdığı qeyd olunub.

Bu kontekstdə region ölkələrinin sülh və təhlükəsizliyin təmin olunmasında məsuliyyət və sahiblik prinsipinin əhəmiyyəti xüsusi vurğulanıb.

Politoloq Ülviyyə Zülfüqar Sherg.az-a bildirib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ər-Riyadda keçirilən məsləhətləşmələrdə səsləndirdiyi mövqe rəsmi Bakının son illərdə formalaşdırdığı balanslı və praqmatik xarici siyasət xəttinin davamı kimi qiymətləndirilə bilər. Politoloq hesab edir ki, münaqişənin coğrafiyasının genişlənməsinin təhlükəli olduğuna dair vurğular Azərbaycanın regionlararası gərginliklərə yanaşmada ehtiyatlı və məsuliyyətli aktor kimi çıxış etdiyini göstərir:

“Nazirin regional dövlətlərin hədəfə alınmasının parçalanmanı dərinləşdirməsi ilə bağlı fikirləri Yaxın Şərqdə müşahidə olunan qarşıdurmaya real yanaşmanı əks etdirir. Region ölkələrini müvafiq prinsiplərə çağırış isə mühüm siyasi mesajdır. Praktiki baxımdan bu, birbaşa və dolayı diplomatik kanalların açıq saxlanılması, qarşılıqlı etimad quruculuğu tədbirlərinin genişləndirilməsi kimi addımları zəruri edir. Bu baxımdan Azərbaycanın yanaşması balansın qorunmasına, gərginliyin dərinləşməsinin qarşısının alınmasına və dialoq imkanlarının saxlanmasına yönəlmiş praqmatik xətt kimi xarakterizə oluna bilər”.