“Binokl diplomatiyası” sona çatdı: Aİ müşahidəçiləri regiondan çıxmalıdır - TƏHLİL

Azərbaycan-Ermənistan birbaşa danışıqları Aİ-nin rolunu aradan qaldırdı

Ermənistanda Avropa İttifaqının (Aİ) müşahidə missiyasının (EUMA) mandatının uzadılması ilə bağlı müzakirələr aparılmır.

Bu barədə jurnalistlərə Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter bildirib. Markus Ritter qeyd edib ki, rəsmi İrəvan mülki müşahidə missiyasının Azərbaycanla sülh müqaviləsi imzalanana və ratifikasiya olunana qədər fəaliyyətini davam etdirməsini arzulayır: "Ermənistan hakimiyyəti missiyanın işini davam etdirməsini istəsə də, hazırda mandatın uzadılması ilə bağlı heç bir rəsmi müzakirə aparılmır". Qeyd edək ki, EUMA-nın hazırkı mandatı gələn ilin fevral ayında başa çatır. Aİ-nin Ermənistandakı mülki missiyası 20 fevral 2023-cü il tarixdən etibarən ikiillik mandatla fəaliyyətə başlayıb. 30 yanvar 2025-ci ildə isə bu müddət daha iki il uzadılmışdı.

Siyasi şərhçi Zeynal Əmralıyev “Sherg.az”a bildirib ki, Avropa İttifaqının Ermənistanda müşahidə missiyasının fəaliyyəti artıq aktuallığını itirib və buna ehtiyac yoxdur. Onun sözlərinə görə, əvvəldən Aİ Müşahidə Missiyasının fəaliyyəti qənaətbəxş hesab edilməyib və ciddi narazılıqlar mövcud olub. Bu narazılıqlar dəfələrlə yüksək səviyyədə səsləndirilib və missiyanın əsasən “binokl diplomatiyası” ilə məşğul olması vurğulanıb:

“Binoklla Azərbaycanı izləyən Aİ Müşahidə missiyasının faktiki olaraq kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olduğu açıq şəkildə vurğulanır vı onların sülh prosesinə heç bir töhfəsinin olmadığı qeyd edilirdi. Uzun müddətdir ki, Azərbaycan-Ermənistan müvəqqəti sərhədində sakitlik hökm sürür və heç bir qarşıdurma baş verməyib. Hər iki dövlət sülhə doğru əhəmiyyətli irəliləyiş əldə edib, eyni zamanda ABŞ-ın vasitəçiliyi ilə sülhün təmin olunması istiqamətində mühüm addımlar atılır”.

Z. Əmralıyev hesab edir ki, Azərbaycan və Ermənistan arasında son dövrlər baş tutan birbaşa danışıqlar, qarşılıqlı etimadın formalaşması və müsbət dəyişikliklər bölgədə yeni siyasi situasiya yaradıb:

“2025-ci il avqustun 8-də Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Vaşinqton görüşü, burada Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətninin paraflanması regionda sabitlik və əməkdaşlıq üçün real perspektivlər yaradıb.

Sazişin paraflanması həm də tərəflər arasında birbaşa diplomatik kanalların daha da gücləndirilməsinə və üçüncü tərəflərin təsir imkanlarının azalmasına səbəb olub. Həmçinin ABŞ-nin vitse prezidenti C.D. Vensin bölgəyə səfəri iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan- Ermənistan arasında etimad mühiti də yaradılıb. Hazırda Azərbaycandan nümayəndə heyəti ilk dəfə quru yolu ilə Ermənistana səfər edərək “Sülh Körpüsü” müzakirəsində iştirak edəcək. Bir sözlə, formalaşan yeni siyasi düzən artıq öz nəticələrini göstərməkdədir. Sərhədlərin müəyyənləşdirilməsi prosesində əldə olunan irəliləyiş, nəqliyyat və kommunikasiya xətlərinin açılması ilə bağlı razılaşmalar, həmçinin regionda iqtisadi və logistik əlaqələrin bərpası tərəflər arasında qarşılıqlı etimad yaradan mühitin formalaşmasına gətirib çıxarır. Bu isə sülhə real addımların atıldığını və yeni mərhələnin başladığını açıq şəkildə nümayiş etdirir. Bu reallıqlar fonunda Aİ-nin Ermənistandakı müşahidə missiyası artıq funksionallığını və aktuallığını itirib. Ona görə də bu missiya ömrünü başa vurmuş struktur kimi dəyərləndirilə bilər. Sülh prosesi artıq birbaşa tərəflərin iradəsi və qarşılıqlı siyasi razılaşmalar əsasında inkişaf edir. Bu şəraitdə üçüncü tərəf aktorlarının birtərəfli, qeyri-şəffaf və strateji maraqlara xidmət edən fəaliyyətləri yalnız prosesə zərər verər, əldə olunan razılaşmaların icrasını gecikdirə və regionda əlavə gərginliklər yarada bilər. Fikfrimcə, Aİ müşahidə Missiyası adı altında kəşfiyyat xarakterli fıəaliyyət göstərən bu qrupun gələn il regionu tərk etməsi məqsədəuyğundur”.