Bölgədə yeni reallıq yaranıb, üçüncü qüvvələrin müdaxiləsi nəticəsiz qalacaq - Analitik

"Azərbaycan ədaləti güclü ordusu və diplomatiyasının sayəsində təmin edib və sülh üçün real şərait yaradıb. Ermənistan hökuməti də reallığı dərk edir və sülhdə maraqlı görünür”

Rusiya-Azərbaycan münasibətləri və 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə rusiyalı siyasi analitik Aleksandr Duginin Moskvanın Bakını Qarabağı geri almaqda dəstəklədiyi barədə fikirlərini ekspertlər fərqli şəkildə şərh ediblər.

Beynəlxalq siyasət və Yaxın Şərq üzrə amerikalı analitik Maykl Skott Doran bu iddialarla razılaşmadığını bildirib. Onun sözlərinə görə, Moskvanın regiondakı siyasəti ilk növbədə öz strateji maraqlarına əsaslanıb.

Doran 2020-ci ilin noyabrında bölgədə olduğu dövrdə Bakıya “İsgəndər” raketinin atıldığını iddia edib. Analitikin fikrincə, Moskvanın əsas məqsədi regionda təsir imkanlarını qorumaq, sülhməramlı qüvvələr yerləşdirmək və tərəflər arasında vasitəçi mövqeyini saxlamaq olub.

Xatırladaq ki, Aleksandr Dugin daha əvvəl Qarabağdakı vəziyyət və Azərbaycanın ABŞ-la əməkdaşlığı fonunda rəsmi Bakını tənqid edən açıqlamalar verib. 

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Sherg.az-a Duginin dediklərinin həqiqəti əks etdirmədiyini söyləyib:

Azərbaycan Vətən müharibəsinə qədər təmkinli siyasət yürütdü, güclü ordu formalaşdırdı, beynəlxalq mövqelərini möhkəmləndirdi və əlverişli geosiyasi şəraiti gözlədi. Bütün bu proseslər formalaşandan sonra Azərbaycan uğurlu hərbi əməliyyatlarla 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarını cəmi 44 gün müddətinə azad etdi. Ona görə də, Duginin dediyi kimi Rusiyanın Azərbaycanı dəstəkləməsi ifadəsi həqiqəti əks etdirmir. Rusiya tərəfsiz qalacağını bəyan etsə də, müharibənin gedişində belə, Ermənistana silah yardımı edirdi”.

Analitik əlavə edib ki, Azərbaycan xarici siyasətində bütün etiket qaydalarını gözləyir, qarışılıqlı hörmətə və etimada əsaslanan siyasət yürüdür və kifayət qədər səmimiyyət nümayiş etdirir:

“Moskvada imzalanan 10 noyabr bəyanatının tələblərindən biri də Zəngəzur dəhlizinin açılması idi. Buna Rusiyanın sərhəd xidməti nəzarəti həyata keçirməli idi. Amma Rusiya,səy göstərmədi, Ermənistana təzyiq etmədi. Çünki mövcud vəziyyətin davam etməsini istəyirdi. Azərbaycan isə bu problemin birdəfəlik həllində maraqlı idi və sülh üçün konkret addımlar gözləyirdi. Tramp administrasiyası bu missiyanı öz üzərinə götürdü. Vaşinqtonda ilkin sülh sazişi imzalandı. Zəngəzur dəhlizinin açılması ilə bağlı Tramp konkret addım atdı. Bundan sonra isə Rusiya Azərbaycana qarşı qeyri-adekvat münasibət sərgiləməyə başladı. Təyyarə qəzası ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi və ədalətli davranış sərgiləmədi". 

Ekspert artıq bölgədə yeni reallığın olduğunu, Moskvanın da bunu çox yaxşı anladığını bildirib:

"Azərbaycan ədaləti güclü ordusu və diplomatiyasının sayəsində təmin edib və sülh üçün real şərait yaradıb. Ermənistan hökuməti də reallığı dərk edir və sülhdə maraqlı görünür. Ona görə də, üçüncü qüvvələrin prosesi pozma cəhdləri nəticə verməyəcək”.