Cənubi Qafqazın gələcəyini artıq üç ölkə müəyyən edəcək - Elmar Məmmədyarov

  • "Azərbaycan Rusiya və İran arasında yerləşir, prosesləri diqqətlə izləməlidir"
  • "Azərbaycan balanslaşdırılmış siyasətdən imtina etməməlidir"

Son aylarda beynəlxalq münasibətlər sistemində baş verən hadisələr qlobal təhlükəsizlik mühitinin daha da mürəkkəbləşdiyini göstərir. Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik, ABŞ, Çin və Rusiya arasında geosiyasi rəqabətin yeni mərhələyə keçməsi, eyni zamanda Cənubi Qafqazda müşahidə olunan proseslər region ölkələrinin xarici siyasətinə və təhlükəsizlik strategiyalarına birbaşa təsir göstərir.

Bu şəraitdə Azərbaycan da dəyişən geosiyasi reallıqlar fonunda balanslaşdırılmış xarici siyasətini davam etdirməyə, milli maraqlarını qorumağa və regional əməkdaşlıq imkanlarını genişləndirməyə çalışır. Mövcud proseslərin Azərbaycanın milli təhlükəsizliyinə, iqtisadi və siyasi maraqlarına mümkün təsirləri, regionda qüvvələr nisbətinin necə dəyişdiyi, eləcə də yaxın perspektivdə Cənubi Qafqaz və dünyada gözlənilən geosiyasi tendensiyalarla bağlı suallar aktuallığını qoruyur. 

Bütün bu məsələləri Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarovla müzakirə etdik.

Sherg.az Elmar Məmmədyarovla "Atüstü söhbət" i təqdim edir:

-Son dövrlər dünyada və regionda müşahidə olunan geosiyasi prosesləri necə qiymətləndirirsiniz? Beynəlxalq münasibətlər sistemi hansı istiqamətdə dəyişir?

- İlk növbədə, əsas məsələ ondan ibarətdir ki, dünyada beynəlxalq münasibətlərdə yeni bir sistem qurmaq niyyətindədirlər. İkinci Dünya müharibəsindən sonra BMT yarandı, amma indi görünür ki, BMT tam şəkildə öz fəaliyyətini yerinə yetirə bilmir. İlk növbədə də Təhlükəsizlik Şurası. Çünki xeyli münaqişələr meydana gəlib. Əvvəllər əsasən Təhlükəsizlik Şurasının üzvləri münaqişələrlə ciddi şəkildə məşğul olurdular. İndi isə bu sistem öz yerini tapa bilmir. Ona görə də yeni bir sistem qurulması istiqamətində müəyyən işlər gedir.

- Rusiya-Ukrayna müharibəsi, həmçinin Yaxın Şərqdə davam edən İran-ABŞ-İsrail gərginliyi Cənubi Qafqazdakı təhlükəsizlik mühitinə təsir edir?

- Əlbəttə ki, təsir edir. Çünki bizim geniş region bu təhlükənin altındadır. Amma əsas məsələ ondan ibarətdir ki, üç ölkə -Azərbaycan, Gürcüstan və Ermənistan birlikdə bu çağırışlara necə cavab tapa biləcəklər. Bu istiqamətdə artıq Ermənistanla Azərbaycan arasında münaqişə tarixə çevrilir. Ona görə də ümid etmək olar ki, Cənubi Qafqazın üç ölkəsi birlikdə bu çağırışlara cavab verəcəklər.

- Azərbaycan və Ermənistan arasındakı sülhdən danışdınız. Ümumiyyətlə, biz gözləyirdik ki, seçkilərdən sonra Azərbaycan və Ermənistan arasında sülhlə bağlı addımlar atılsın. Amma hazırda bu addımları ciddi şəkildə görmürük. Hazırkı vəziyyətdə sülh prosesinin perspektivlərini necə görürsünüz? Yaxın zamanda sülh sazişinin imzalanması mümkündürmü?

- Bu sual ən yaxşı sualdır. O baxımdan ki, indi Ermənistan öz cavabını tapmalıdır. Çünki Azərbaycanın mövqeyi bəllidir. Onlar Konstitusiyanı dəyişdirməlidirlər. Belə bir məlumat yayılıb ki, ilin sonuna qədər Ermənistan yeni Konstitusiyanın mətnini müzakirəyə çıxaracaq. Qoy çıxarsınlar, sonra baxarıq görək nə olacaq.

- Elmar müəllim, Azərbaycan mövcud mürəkkəb şəraitdə balanslaşdırılmış siyasət aparır. Bu siyasətin üstünlükləri və riskləri nələrdir? Biz tərəf seçməliyik, yoxsa balanslaşdırılmış siyasətə davam etməliyik?

- Yox, mənim dövrümdə də balanslaşdırılmış siyasətimiz var idi. Baxmayaraq ki, mən nazir olanda vəziyyət tamamilə fərqli inkişaf edirdi. Çünki torpaqlarımızın 20 faizi işğal altında idi, həmçinin bir milyona yaxın qaçqın və məcburi köçkünümüz var idi. Buna görə də daha aktiv xarici siyasət aparmalı olurduq. İndi isə müharibədən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Əlbəttə ki, vəziyyət tamamilə fərqlidir. Amma balanslaşdırılmış siyasət Azərbaycan kimi ölkələr üçün çox önəmlidir.

- Qarşıdakı dövrdə həm dünyada, həm də Cənubi Qafqazda hansı əsas geosiyasi dəyişiklikləri gözləyirsiniz? Bu dəyişikliklər bizə nə vəd edir?

- Rusiya böyük ölkədir. Mən deyərdim ki, İran da böyük ölkədir. Əgər orada hansısa dramatik dəyişiklik olsa, bu, elə də asan baş tutmayacaq. Yəni bir hakimiyyət gedib, başqa bir hakimiyyətin gəlməsi o qədər də sadə məsələ deyil. Digər tərəfdən həm Rusiya, həm də İran Azərbaycan üçün çox önəmlidir. Çünki Azərbaycan, necə deyərlər, sendviç kimidir: yuxarıda Rusiya, aşağıda İran yerləşir. Biz onların arasındayıq. Buna görə də orada gedən prosesləri çox diqqətlə izləməliyik.