Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü - YENİLƏNDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və qazaxıstanlı həmkarı Yermek Koşerbayev arasında təkbətək görüş başa çatıb.

Sherg.az xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında məlumat yayıb.

Qeyd edilib ki, daha sonra tərəflər arasında geniş tərkibdə görüş baş tutub.

Görüşdə Azərbaycan və Qazaxıstan arasında güclü strateji əlaqələrin mövcudluğu bir daha təsdiqlənib. Nazirlər iqtisadiyyat, ticarət, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika, eləcə də texnologiya və rəqəmsal sahələrdə artan əməkdaşlığı məmnunluqla qeyd ediblər.

Tərəflər Avropa ilə Asiya arasında ticarətin genişləndirilməsində Orta Dəhlizin strateji rolunu xüsusi vurğulayıblar. Bildirilib ki, birgə həyata keçirilən layihələr tranzit infrastrukturunun inkişafına və regional bağlılığın güclənməsinə mühüm töhfə verir.

Görüşdə Yaxın Şərqdə artan gərginliklə bağlı narahatlıq ifadə olunub. Nazirlər tərəflər arasında əldə olunmuş atəşkəsin regiona sabitlik və sülh gətirəcəyinə ümidvar olduqlarını bildiriblər. Bundan əlavə, tərəflər digər regional və qlobal təhlükəsizlik çağırışlarını müzakirə ediblər.

Ceyhun Bayramov həmkarına Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesinin gedişatı barədə ətraflı məlumat verib.