ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Prezident Donald Trampın məqsədinin İranın keçmiş şahının oğlu Rza Pəhləvini ölkə rəhbərliyinə gətirmək olmadığını bildirib.
Sherg.az xəbər verir ki, Vens jurnalist Meqin Kelli ilə müsahibəsində Tramp administrasiyasının İrana münasibətdə əsas hədəfinin ölkənin nüvə proqramını dayandırmaq olduğunu vurğulayıb. Onun sözlərinə görə, Vaşinqton bu məqsədə diplomatik yollarla, zərurət yaranacağı təqdirdə isə hərbi vasitələrlə nail olmağa çalışır.
Vitse-prezident qeyd edib ki, Tramp heç vaxt Rza Pəhləvinin İranın yeni lideri olmasını hədəflədiyini deməyib. Vensin sözlərinə görə, İran xalqının mövcud hakimiyyətə qarşı çıxıb-çıxmaması onların öz qərarıdır və bu, İran cəmiyyəti ilə hakimiyyət arasında olan məsələdir.
O, həmçinin ABŞ və İran arasında əldə olunan razılaşmanı regional sabitlik üçün mühüm addım kimi qiymətləndirib. Vens bildirib ki, Tehran öhdəliklərini yerinə yetirərsə, Yaxın Şərqdə sülh və iqtisadi əməkdaşlıq baxımından yeni imkanlar yarana bilər.